Rusiyanın Tuva Respublikasında özünü ekstrasens kimi təqdim edən qadın məhkəmənin qərarı ilə 15 min rubl cərimələnib.
7News.Az TASS-a istinadən xəbər verir ki, onun iyul ayında Kızılda itkin düşən iki qızın axtarışı ilə bağlı yanlış məlumat yaydığı bildirilir.
İki qız iyulun 1-də Kızılda itkin düşüb. Onların axtarışı üçün mindən çox insanın iştirakı ilə genişmiqyaslı əməliyyat təşkil edilib. Uşaqların itkin düşməsindən sonra sosial şəbəkələrdə guya şaman və ekstrasenslər tərəfindən uşaqların yeri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmağa başlayıb. Qadınlardan biri barəsində daha əvvəl insanların kütləvi şəkildə bir yerə toplaşmasına çağırış etdiyi üçün inzibati protokol tərtib edilib.
Tuvanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, Kızıl sakini olan 22 yaşlı qadın özünü ekstrasens kimi təqdim edib və messencer qruplarından birində yetkinlik yaşına çatmayanların ölüm səbəbləri ilə bağlı ictimai əhəmiyyət daşıyan, lakin həqiqətə uyğun olmayan məlumatları etibarlı məlumat kimi yayıb.
Kızıl Şəhər Məhkəməsi qadını Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.15-ci maddəsinin 9-cu hissəsi ilə inzibati məsuliyyətə cəlb edib. Məhkəmə onun 15 min rubl məbləğində cərimələnməsinə qərar verib.








