DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bərgüşad və Küçəkənd kənd tam orta məktəblərində "Narkotiklərə yox deyək!” və "Dini radikalizm və ekstremizm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edib. Ucar RPŞ-nin rəisi, polis polkovniki Eldar Paşayev çıxışında bu gün bəşəriyyətin sağlam həyat tərzini pozan və onun ən ağrılı problemlərindən biri olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və onun gətirdiyi saysız-hesabsız bəlalardan söz açıb. O, narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı rayonda aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. O, daha sonra radikalizmin fəsadları mövzusuna toxunaraq islam dininin düzgün səpkidə gənclərə çatdırılmasının vacibliyindən danışıb, hər kəsin hər yaşda elmini, biliyini artırmağının vacibliyini təbliğ edən islamın cahil adamlar tərəfindən təhrif olunmuş formada təqdim olunmasının qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda məktəblilərdə maraq doğuran suallar cavablandırılıb








