RU
Şəhid Çingiz Qurbanovun qardaşına DİN-dən iş təklifi gəlib - EKSKLUZİV
14:16
5613

Şəhid Çingiz Qurbanovun qardaşına DİN-dən iş təklifi gəlib - EKSKLUZİV

7NEWS.az-a şəhidimizin yaxınından verilən məlumata görə, Daxili İşlər Nazirliyinin kadrlar şöbəsindən Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beytulla Qurbanova iş təklifi gəlib.

Bu barədə məlumatı DİN-lə də dəqiqləşdirməyə çalışacağıq. Məlumatda həmçinin o da qeyd olunur ki, Beytulla Qurbanov sonuncu dəfə McDonaldsda işləyib. O, Texniki Universitetdə qiyabi təhsil alıb.
 
7NEWS.az-a daxil olan digər məlumat görə isə Beytulla da Çingiz kimi cəsur, qorxmaz gənc kimi tanınır. Belə ki, təhsil aldığı fakultənin dekanı ona əvvəlcə magistratura təhsili almağı, daha sonra isə hərbi xidmətə getməyi tövsiyə edəndə Beytulla Qurbanov "öncə hərbi xidmət" deyərək öz seçimini etmişdi. Görünən odur ki, ailə dövlətimizə əsl vətənpərvərlik ruhunda böyümüş gənclər bəxş edib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.

7NEWS.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Çingiz Qurbanovun ailəsinin sosial təminatının gücləndirilməsi, o cümlədən Bakı şəhərində üçotaqlı mənzil ayrılması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına göstəriş verib.
 
Bundan başqa, Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində fərdi evin tikintisi ilə bağlı tədbirlər görülür.
 
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyatı dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
 
Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Çingiz Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
 
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.

Dövlətimizin başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ