RU
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
16:30
25

“Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Yardımlı olub.  7-11 sentyabr tarixlərində "Gənclərlə, gənclər üçün” devizi altında həyata keçirilən layihə yüzlərlə gəncin liderlik və peşəyönümlü bacarıqlarının inkişafı, eləcə də vətənpərvərlik ruhunun artırılmasına xidmət edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra açılış mərasiminin rəsmi hissəsində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Miramil Səmədli və Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri İsmayıl Süleymanov çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Səyyar Gənclər Xidməti gənclərin maarifləndirilməsi, şəxsi və peşəkar bacarıqlarının inkişafı, ictimai fəallığının artırılması və yeni imkanlarla tanış olmaları üçün şərait yaradaraq onların hərtərəfli inkişafına dəstək göstərir.

Layihə müddətində Yardımlı gəncləri üçün 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici təlimlər və Yardımlı Peşə Mərkəbi tərəfindən isə sərgi təşkil edilib. Bununla yanaşı, həftə boyunca gənclər peşə seçimi və karyera planlaması, könüllülük, rəqəmsal inkişaf və yeni texnologiyalar, sağlam həyat tərzinin təşviqi mövzularında interaktiv təlimlərdə iştirak ediblər.

Xidmət çərçivəsində yaradılmış "Vətənpərvərlik”, "Təhsil və karyera”, "Rəqəmsal düşüncə”, "Fiziki aktivlik və sağlamlıq”, "Yaradıcı gənclik” və "Əyləncə” zonaları  gənclərin öz potensiallarına uyğun bacarıqlarını nümayiş etdirmək imkanı yaradıb. Bu zonalarda keçirilən intellektual yarışlar, viktorinalar və master-klasslar gənclərin aktivliyini artırıb, sosial bacarıqlarının inkişafına və şəbəkələşməsinə töhfə verib. Layihənin sonunda fəaliyyətlər zamanı xüsusi fərqlənən gənclər müxtəlif hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, "Səyyar Gənclər Xidməti” layihəsi cari ilin noyabr ayınadək respublikanın 20 rayon və şəhərində mərhələli şəkildə davam etdiriləcək.

 




 

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ