Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub.
Bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, hərbçilər ələkeçirmə əməliyyatına hazırlıq görməyə başlamış və təyyarələr artıq havaya qalxmışdı. Yalnız əməliyyatın başlamasına qısa müddət qalmış hesabatın yoxlanılması çat-botun gəminin yükünü düzgün müəyyən etmədiyini üzə çıxarıb.
"Hesabat tamamilə yalan idi, lakin o, həm də az qala müharibəyə səbəb olacaqdı", - deyə mənbələrdən biri bildirib. ABŞ-nin Çin gəmisinə qarşı hər hansı bir əməliyyatı iki ölkə arasında silahlı toqquşma ilə nəticələnə bilərdi.
CNN-in araşdırmasına görə, analitik çat-botdan ABŞ-nin Sakit Okean Xüsusi Əməliyyatlar Komandanlığından daxil olan gəmi manifesti ilə bağlı kəşfiyyat məlumatlarını təhlil etməyi xahiş edib. Sistem açıq mənbələri radioelektron kəşfiyyatın məxfi məlumatları ilə birləşdirərək yükün mahiyyəti haqqında yanlış nəticəyə gəlib. Daha sonra analitik əldə edilən nəticələri hərbçilərin adətən etibar etdiyi standart kəşfiyyat hesabatı formasında tərtib etmək üçün yenidən süni intellektdən istifadə edərək sənədi yayıb.








