Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən ekofəallar sülh mesajı olaraq havaya göyərçin buraxıblar.
Aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin buraxılıb.
Məlumat üçün bildirək ki, göyərçin təsviri həm də Rusiya sülhməramlılarının geyimində - qolları üzərindəki şevronda əks olunur. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi Zəfəri simvolizə edir.
Qeyd edək ki, aksiya iştirakçıları Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında qeyd edirlər.
Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb./report
7NEWS.Az








