Hərb nəzəriyyəçisi Bezil Liddell Hartın irəli sürdüyü fundamental "böyük strategiya” konsepsiyası idarəetmə sənətinin son hədəfini hərbi qələbənin qazanılmasında deyil, qələbədən sonra formalaşacaq sülhün keyfiyyətində görür. Liddel Hart yazırdı ki, müharibədə qalib gəlmək hələ heç nə demək deyil. Əsl imtahan qələbənin dayanıqlı siyasi nizama çevrilməsidir və tarixdə bu imtahandan keçən dövlətlər barmaqla sayılacaq qədər azdır. Qaliblərin əksəriyyəti ya qələbənin ağırlığı altında əzilir, ya onu israf edir, ya da yeni müharibənin toxumuna çevirir.
XXI əsrin ilk rübündə bu imtahandan tam balla keçən dövlət Cənubi Qafqazda yerləşir və onun adı Azərbaycandır. Bu analiz artıq təsvir olunmuş əməliyyatların xronologiyası deyil. Bu, həmin əməliyyatların üstündə dayanan böyük strategiyanın, yəni Ali Baş Komandan İlham Əliyevin 20 ildən artıq müddətdə addım-addım qurduğu hərbi-siyasi sistemin analizidir. Söhbət ordu quruculuğundan çəkindirmə balansına, eskalasiya üstünlüyündən informasiya cəbhəsinə, oradan da Vaşinqton platformasında tamamlanan diplomatik yekuna qədər uzanan bütöv bir xəttdən gedir.

Hər böyük hərbi qələbənin arxasında onilliklərlə görülən görünməz iş dayanır və analitik dürüstlük tələb edir ki, 2020-ci ilin 44 gününü 2003-cü ildən başlayan ordu quruculuğu prosesindən ayrı oxumayaq. Prezident İlham Əliyevin hakimiyyətinin ilk günündən müdafiə sferasına yanaşması neft kapitalının hərbi qüdrətə konvertasiyası prinsipi üzərində quruldu. Dövlət büdcəsində müdafiə xərclərinin Ermənistanın bütün dövlət büdcəsini üstələməsi hədəfi hələ 2000-ci illərin ortalarında elan edildi və icra olundu. Lakin məsələ təkcə rəqəmlərdə deyildi, xərcləmənin arxitekturası da düşünülmüşdü. Silahlanma siyasəti üç mənbəli diversifikasiya üzərində quruldu. Postsovet texnikasının modernləşdirilmiş nümunələri kəmiyyət bazasını təşkil etdi, İsrail istehsalı kəşfiyyat-zərbə sistemləri və "gəzən sursat”ları texnoloji üstünlük təbəqəsini yaratdı, Türkiyə ilə dərinləşən hərbi-texniki əməkdaşlıq isə "Bayraktar” TB2 platformasından tutmuş təlim-doktrina inteqrasiyasına qədər sistemin sinir şəbəkəsinə çevrildi. Paralel olaraq yerli müdafiə sənayesi sıfırdan quruldu, ordunun zabit korpusu NATO standartlarına uyğun təhsil proqramlarından keçirildi, xüsusi təyinatlı qüvvələr Türkiyə modeli əsasında yenidən formalaşdırıldı. 2020-ci ildəki Azərbaycan Ordusu 1990-cı illərin könüllü batalyonlarının varisi deyildi. O, tamamilə yeni nəsil hərbi orqanizm idi. Ermənistan isə bu 20 ildə strateji tənbəlliyin klassik qurbanına çevrildi. 1994-cü ilin nəticələrini əbədi hesab edən İrəvan ordusunu keçmiş müharibənin konfiqurasiyasında saxladı, müdafiə doktrinasını statik istehkam xəttinə bağladı və hərbi düşüncəsini "dağlıq relyef bizi qoruyacaq” illüziyasına təslim etdi. Hərb tarixi bu səhvi Majino xəttindən Bar-Lev xəttinə qədər dəfələrlə cəzalandırıb və Qarabağda da cəzalandırdı.
İkinci görünməz cəbhə olan çəkindirmə və eskalasiya idarəetməsi müstəvisi ayrıca təhlilə layiqdir, çünki Azərbaycanın 2016-2023-cü illərdəki əməliyyat silsiləsi məhz bu nəzəri çərçivədə öz əsl dərinliyini açır. Strateji ədəbiyyatda Herman Kanın "eskalasiya nərdivanı” konsepsiyası mövcuddur. Bu model münaqişə tərəfləri arasında gərginliyin pillə-pillə qalxdığı və hər pillədə tərəflərdən birinin davam etmək yaxud dayanmaq qərarı verdiyi vəziyyəti təsvir edir.

Bu modeldə qalib o tərəfdir ki, hər pillədə qarşı tərəfdən daha yüksək eskalasiya qabiliyyətinə malikdir və bunu qarşı tərəfə inandırıcı şəkildə nümayiş etdirə bilir. Buna hərb elmində "eskalasiya üstünlüyü” deyilir. Azərbaycanın müharibədən sonrakı hər əməliyyatı məhz bu üstünlüyün nümayişi idi və hər birinin ünvanlı mesajı vardı. "Fərrux” əməliyyatı göstərdi ki, Azərbaycan öz suveren ərazisində istənilən nöqtəyə istənilən vaxt daxil olmaq iqtidarındadır və heç bir xarici amil buna mane ola bilməz. "Qisas” əməliyyatı göstərdi ki, bir əsgərimizin qanı bütöv mövqe sisteminin məhvi ilə ödənilir, yəni Azərbaycan üçün itki ilə cavab arasındakı mübadilə nisbəti qarşı tərəf üçün dağıdıcı şəkildə qeyri-bərabərdir. 2022-ci ilin sentyabr cavab tədbirləri isə nərdivanın ən yuxarı pilləsini nümayiş etdirdi və İrəvana anlatdı ki, təxribat mənbəyi oradadırsa, Ermənistan öz ərazisində belə hərbi toxunulmazlığa malik deyil.
Bu üç mesajın məcmusu İrəvanın strateji kalkulyasiyasını kökündən dəyişdi. Hər növbəti eskalasiya pilləsinin qiyməti Ermənistan üçün əvvəlkindən qat-qat baha idi və bu qiyməti ödəmək qabiliyyəti tükənmişdi. Sülhə məcburetmə mexanizminin işlək hissəsi məhz qarşı tərəfin qərar qəbuletmə mərkəzində müqavimətin xərcinin güzəştin xərcini üstələdiyi qənaətinin formalaşdırılmasıdır. 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı bu qənaəti dönməz fakta çevirdi. Qarabağdakı qanunsuz hərbi qruplaşmanın bir sutkada tam tərksilahı təkcə regional deyil, qlobal auditoriyaya ünvanlanmış nümayiş idi və sübut etdi ki, Azərbaycan elan etdiyi hədəfə elan etdiyi müddətdə çatan nadir dövlətlər sırasındadır.

Üçüncü cəbhə informasiya müstəvisidir və bu, çox vaxt analizlərdən kənarda qalır. 30 il ərzində erməni diasporunun qlobal media və siyasi lobbi şəbəkələri münaqişə barədə beynəlxalq ictimai rəyi formalaşdırmışdı. Azərbaycan bu asimmetriyanı iki səviyyədə qırdı.
Birinci səviyyə döyüş meydanının şəffaflaşdırılması idi. Vətən müharibəsi zamanı Müdafiə Nazirliyinin dərc etdiyi obyektiv nəzarət kadrları, yəni hər məhv edilən hədəfin video təsdiqi, beynəlxalq informasiya məkanında Azərbaycanın bəyanatlarına dəmir etibar qazandırdı və düşmən təbliğatının "itkilərimiz yoxdur” xəttini gülünc vəziyyətə saldı. Bu, informasiya müharibəsi tarixində presedent yaratdı, çünki döyüş meydanındakı hər epizod sənədləşdirilərək real vaxtda qlobal auditoriyaya çatdırılırdı.
İkinci səviyyə Prezident İlham Əliyevin şəxsən apardığı media kampaniyası idi. Müharibə günlərində dünyanın aparıcı telekanallarına verilən onlarla müsahibə hərbi əməliyyatların hüquqi-siyasi legitimliyini beynəlxalq auditoriyaya birbaşa, vasitəçisiz izah etdi. Qərəzli suallara verilən cavablar diplomatiya dərsliyinə düşəcək səviyyədə idi və nəticədə dünya ictimai rəyində işğalçı ilə qurbanın yeri ilk dəfə düzgün müəyyənləşdi. İnformasiya cəbhəsindəki bu qələbə hərbi qələbənin diplomatik konvertasiyası üçün zəruri şərt idi. Beynəlxalq mühit Azərbaycanın gücünə deyil, haqqına inandırılmışdı, güc isə o haqqın icra mexanizmi kimi qavranıldı.
Birinci səviyyə döyüş meydanının şəffaflaşdırılması idi. Vətən müharibəsi zamanı Müdafiə Nazirliyinin dərc etdiyi obyektiv nəzarət kadrları, yəni hər məhv edilən hədəfin video təsdiqi, beynəlxalq informasiya məkanında Azərbaycanın bəyanatlarına dəmir etibar qazandırdı və düşmən təbliğatının "itkilərimiz yoxdur” xəttini gülünc vəziyyətə saldı. Bu, informasiya müharibəsi tarixində presedent yaratdı, çünki döyüş meydanındakı hər epizod sənədləşdirilərək real vaxtda qlobal auditoriyaya çatdırılırdı.
İkinci səviyyə Prezident İlham Əliyevin şəxsən apardığı media kampaniyası idi. Müharibə günlərində dünyanın aparıcı telekanallarına verilən onlarla müsahibə hərbi əməliyyatların hüquqi-siyasi legitimliyini beynəlxalq auditoriyaya birbaşa, vasitəçisiz izah etdi. Qərəzli suallara verilən cavablar diplomatiya dərsliyinə düşəcək səviyyədə idi və nəticədə dünya ictimai rəyində işğalçı ilə qurbanın yeri ilk dəfə düzgün müəyyənləşdi. İnformasiya cəbhəsindəki bu qələbə hərbi qələbənin diplomatik konvertasiyası üçün zəruri şərt idi. Beynəlxalq mühit Azərbaycanın gücünə deyil, haqqına inandırılmışdı, güc isə o haqqın icra mexanizmi kimi qavranıldı.

İndi bütün bu xətlərin qovuşduğu nöqtəyə, yəni Vaşinqton platformasına keçək və onu layiq olduğu genişlikdə təhlil edək. 2025-ci il avqustun 8-i Cənubi Qafqazın diplomatik tarixində dönüş tarixidir. Ağ Evdə Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqton danışıqlarının yekunlarına dair Birgə Bəyannamə imzaladılar və üç lider "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdilər. Bu cümlənin hər elementi ayrıca çəkiyə malikdir.
Əvvəla, format məsələsinə baxaq. Münaqişənin həlli prosesi 30 il ərzində Minsk qrupu adlanan üçhəmsədrli mexanizmin inhisarında olmuşdu və bu mexanizmin bütün fəlsəfəsi status-kvonun idarə olunması üzərində qurulmuşdu. Yəni məqsəd həll deyil, konservasiya idi. Vaşinqton platforması isə tamamilə fərqli paradiqma təqdim etdi. Vasitəçi tərəf prosesə nəticə məntiqi ilə yanaşdı və nəticə iki suveren dövlətin birbaşa razılaşdırdığı mətnin təsbiti oldu.

İkinci element mətnin özüdür. Paraflanmış sazişin təməl prinsipləri arasında ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından imtina, güc tətbiqinin və güclə hədələmənin yolverilməzliyi, sərhədlərin delimitasiyası və revanşizmin istisna edilməsi yer alır. Bu prinsiplər toplusu sözün əsl mənasında Azərbaycanın 2020-ci ildən bəri müdafiə etdiyi mövqe sənədinin beynəlxalq hüquqi dilə tərcüməsidir. Danışıqlar tarixində belə hallar nadirdir. Adətən sülh mətnləri qarşılıqlı güzəştlərin mozaikası olur, burada isə mətnin konseptual skeleti bütövlükdə qalib tərəfin prinsipləri üzərində dayanır, çünki o prinsiplərin hər biri döyüş meydanında artıq reallığa çevrilmişdi. Diplomatiya reallığı rəsmiləşdirdi, yaratmadı.
Üçüncü element şahidlik institutudur. Sazişin məhz ABŞ Prezidentinin şəxsi iştirakı və şahidliyi ilə paraflanması sənədə qlobal təminat qatı əlavə etdi. Bundan sonra prosesdən geri çəkilmək təkcə Bakı qarşısında deyil, Vaşinqton qarşısında öhdəlik pozuntusudur. Birgə Bəyannamənin məzmun təbəqələri də diqqətlə oxunmalıdır. Sənəddə tərəflərin keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamaq niyyəti, münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulması, regionun gələcəyinin əməkdaşlıq və qarşılıqlı hörmət üzərində inşası təsbit olunub. Bu formullar diplomatik etiket deyil, hər biri konkret siyasi öhdəliyin dilidir. Düşmənçilik səhifəsinin bağlanması İrəvanın dövlət ideologiyasının onurğasını təşkil etmiş "miatsum” irsindən rəsmi imtinasının başlanğıcıdır. Revanşizmə yol verilməyəcəyi barədə müddəa isə Ermənistan daxilindəki revanşist qüvvələrin siyasi platformasının beynəlxalq sənədlə qadağan zonasına salınması deməkdir. Vaşinqton görüşünün dərhal ardınca gələn addım simvolizmi ilə bərabər praktiki əhəmiyyət daşıyırdı. Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında ATƏT-in Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı. Bu, sadəcə bir formatın ləğvi deyil, bütöv bir epoxanın, münaqişənin əbədi idarə olunması epoxasının hüquqi dəfn mərasimidir və onun qəbir daşını da məhz münaqişənin özünü həll etmiş Azərbaycan qoydu.

Vaşinqton platformasının ikinci böyük məhsulu TRIPP layihəsidir və onun strateji mahiyyəti nəqliyyat dəhlizi anlayışından qat-qat genişdir. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək bu marşrut üç səviyyədə oyundəyişdiricidir. Milli səviyyədə 35 il blokadada yaşamış Naxçıvan Muxtar Respublikası ana torpaqla birbaşa quru əlaqəsi qazanır və Azərbaycanın dövlət məkanı fiziki bütövlüyünə qovuşur. Regional səviyyədə Şərq-Qərb nəqliyyat arteriyasının bu halqası Türkiyə ilə Türk dünyasının qalan hissəsi arasında fasiləsiz quru körpüsü yaradır. Bu isə Turan coğrafiyasının iqtisadi inteqrasiyasının infrastruktur təməlidir. Qlobal səviyyədə Orta Dəhlizin tam gücü ilə işə düşməsi Avrasiya yük daşımalarının xəritəsini dəyişir və bu xəritənin açar nöqtəsində Azərbaycan dayanır.
Vaşinqtonun bu layihəyə birbaşa maraq göstərməsi təsadüfi deyil. ABŞ Cənubi Qafqazda elə bir kommunikasiya arxitekturasının formalaşmasında maraqlıdır ki, o, heç bir üçüncü gücün inhisarına düşməsin. Bu arxitekturanın etibarlı qarantı isə regionun ən qüdrətli dövləti olan Azərbaycandır. Ötən bir ildə texniki-infrastruktur hazırlıqlarının sürətlənməsi, Azərbaycanın öz ərazisində avtomobil və dəmir yolu şəbəkəsinin genişləndirilməsi göstərir ki, Bakı bu layihəyə deklarasiya kimi deyil, icra qrafiki olan dövlət proqramı kimi yanaşır. Vaşinqton zirvəsindən keçən bir ilin balansı sülhə məcburetmə strategiyasının bəhrələrini faktlarla təqdim edir. Azərbaycan ərazisindən Ermənistana yük tranziti üzərindəki məhdudiyyətlər aradan qaldırıldı. Bu, birtərəfli xeyirxahlıq jesti deyil, qalib dövlətin regional iqtisadi nizamı öz şərtləri ilə açması aktıdır. Rusiya və Qazaxıstan buğdası Azərbaycan dəmir yolları ilə Ermənistana daşındı, Azərbaycan öz neft məhsullarını dünənki düşməninə ixrac etdi. Bu faktların hərbi-strateji tərcüməsi ondan ibarətdir ki, Ermənistan iqtisadiyyatının qan dövranı artıq qismən Azərbaycanın nəzarət etdiyi arteriyalardan keçir. İqtisadi inteqrasiya sülhün ən etibarlı girovudur, çünki müharibənin qiymətinə hər gün yeni məbləğ əlavə edir.
Delimitasiya prosesində tərəflər təlimat layihələrini razılaşdırdılar, hökumət səviyyəsində qarşılıqlı səfərlər baş tutdu. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri iki ölkə münasibətlərində onilliklərdir görünməmiş normallaşma səviyyəsinin göstəricisidir.
Beynəlxalq ekspert dairələri Vaşinqton sənədlərini yekun sülh sazişinin imzalanması üçün hüquqi-siyasi bazanın formalaşması kimi qiymətləndirir və bu qiymətləndirmənin özü də Azərbaycan diplomatiyasının qələbəsidir. Proses artıq "olacaqmı” sualından "nə vaxt” sualına keçib. ABŞ-Azərbaycan münasibətlərinin yeni arxitekturası ayrıca strateji fenomen kimi qeydə alınmalıdır. Onilliklər boyu Vaşinqtonun Cənubi Qafqaz siyasəti erməni lobbisinin konqres üzərindəki təsiri ilə deformasiyaya uğramışdı. 907-ci düzəliş kimi ayrı-seçkilik mexanizmləri bu deformasiyanın rəsmi ifadəsi idi.

Bəs bu asimmetriyanı dəyişən nə oldu? Cavab güc balansındadır. Azərbaycan özünü regionda elə mövqeyə çatdırdı ki, onunla münasibətlərin dəyəri lobbi hesablamalarını üstələdi. Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin rolu, Orta Dəhlizin qlobal logistikadakı çəkisi və regional təhlükəsizlikdə Azərbaycan Ordusunun sabitləşdirici funksiyası birlikdə Bakını Vaşinqton üçün münasibət qurulmalı ölkələr siyahısından münasibətsiz keçinmək mümkün olmayan ölkələr siyahısına keçirdi. Prezident İlham Əliyevin bu prosesdəki xətti dəyişməz qaldı. Heç bir güzəşt suverenlik hesabına verilmir, heç bir tərəfdaşlıq asılılığa çevrilmir, hər saziş milli maraq süzgəcindən keçir. Vaşinqton platformasında ABŞ prezidentinin Azərbaycan liderini bərabərhüquqlu tərəfdaş və regionun memarı statusunda qəbul etməsi bu iyirmiillik xəttin loqik yekunudur. Beynəlxalq münasibətlər nəzəriyyəsinin realizm məktəbi bunu sadə düsturla ifadə edir. Dövlətlər gücə hörmət edir. Azərbaycan bu hörməti qazandı, çünki gücünü həm nümayiş etdirməyi, həm də məsuliyyətlə idarə etməyi bacardı.
Bütün bu analiz bir fundamental nəticəyə aparır. Klauzevits müharibəni siyasətin daşıyıcısı adlandırırdı, Liddel Hart sülhü strategiyanın son məqsədi sayırdı, Şellinq gücü danışıqların dili hesab edirdi. Azərbaycan bu üç nəzəri xətti bir tarixi təcrübədə birləşdirdi. Lələtəpədə başlayan hərbi intibah Şuşada zirvəyə çatdı, 23 saatlıq antiterror əməliyyatında tamamlandı və Vaşinqtonda sülh mətninə çevrildi. Bu zəncirin heç bir halqası təsadüfi deyil, hər biri vahid böyük strategiyanın hesablanmış gedişi idi. Bu gün Cənubi Qafqazda formalaşan nizamın üç dayağı var: nizamın qarantı kimi Azərbaycanın hərbi qüdrəti, nizamın mənfəət mexanizmi kimi Azərbaycanın iqtisadi-kommunikasiya mərkəzliyi, nizamın beynəlxalq legitimliyi kimi Azərbaycanın diplomatik çəkisi. Ermənistan bu nizama məhkum deyil, bu nizama dəvətlidir. Sadəcə dəvətin alternativi yoxdur, çünki hərbi tənlik həll olunub, iqtisadi cazibə işə düşüb, beynəlxalq təminat masadadır. Tarix qaliblərə iki yol təklif edir: qələbəni ya hökmranlığa ya da nizama çevirmək. Birincisi imperiyaların yolu idi və hamısı uçdu. Azərbaycan ikincini seçdi, qələbəsini regionun ümumi gələcəyinin təməlinə qoydu və bununla qalibliyin ən yüksək formasını nümayiş etdirdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan bu tarix hərb akademiyalarında əməliyyat sənəti nümunəsi, diplomatiya məktəblərində isə böyük strategiya etalonu kimi tədris olunacaq. Çünki Azərbaycan sübut etdi ki, əsl qüdrət müharibəni qazanmaqda deyil, müharibəni bir daha lazımsız edəcək sülhü qurmaqdadır. Və o sülhün imzası altında Azərbaycan Ali Baş Komandanı və Əsgərinin möhürü dayanır./Ordu.az








