Tbilisidə yerləşən 20 uşaq bağçasında kütləvi zəhərlənmə baş verib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, hazırkı mərhələdə 55 uşaqda və bir tərbiyəçidə zəhərlənmə əlamətləri müşahidə olunur.
Həmin şəxslər tibbi yardım üçün Tbilisidəki 6 klinikaya müraciət ediblər.
Faktla bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti insan həyatına və sağlamlığına təhlükə olan qida məhsullarının hazırlanması və reallaşdırılması maddəsi üzrə istintaq tədbirlərinə başlayıb. İstintaq çərçivəsində uşaqların 50-dən çox qanuni nümayəndəsi və tibb müəssisələrinin əməkdaşları artıq dindirilib, 4 uşaq bağçasında və məkətəbəqədər təhsil müəssisələrini qida məhsulları ilə təchiz edən 3 şirkətdə axtarışlar aparılıb.
İntoksikasiyaya uşaq bağçalarında qəbul olunan qida məhsullarından qaynaqlanan bakterial infeksiyanın səbəb olduğu ehtimal edilir. Müvafiq ekspertiza nəticəsində konkret hansı məhsulun zəhərlənməyə səbəb olduğu müəyyən ediləcək.
Tbilisinin Uşaq Bağçalarının İdarə olunması üzrə Agentliyindən bildirilib ki, epidemioloji risklərə qarşı ehtiyat tədbiri olaraq şəhərdə yerləşən 7 uşaq bağçasında təhsil prosesi dayandırılıb, digər 183 bağça isə fəaliyyətini davam etdirir.








