Bu gün ölkəmizdə gənclərə, onların sağlamlığına, idmana dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilir. Yaradılan şəraitdən həmkarlarımız da maksimum dərəcədə yararlanmağa, xidmətdə olduğu kimi, idmanda da öz sözlərini deməyə çalışırlar. Bunun nəticəsidir ki, idmançı polislətimiz müxtəlif mötəbər yarışlarda, dünya və Avropa çempionatlarında bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda görə, Quba Rayon Polis Şöbəsində xidmət edən polis leytenantı Mikayıl Rüstəmov, polis serjantı Atakişi Ağakişiyev və polis sıravisi İsaməddin Əskərov belə əməkdaşlardandırlar. Hər üç əməkdaş nümunəvi xidmətləri ilə yanaşı fiziki hazırlıq səviyyəsinə görə də fərqlənirlər.
Polislərimizin nailiyyətləridə çoxdur. Belə ki, 24 yaşlı polis leytenantı Mikayıl Rüstəmov idmanın akrobatika növü üzrə idman ustası adına namizəddir. Uşaq yaşlarından idmana xüsusi marağı olan zabitimiz ilk qələbəsini də məhz məktəbli vaxtlarında, ikinci sinif şagirdi olan zaman qazanıb. M.Rüstəmov, dəfələrlə Azərbaycan və rayonlararası keçirilən çempionatlarında iştirak edib, doqquz dəfə respublika çempionu olub.
RPŞ-nin PPXB-də xidmət edən polis nəfəri, polis serjantı Atakişi Ağakişiyev idmanın Kyokuşinkay Karate növü ilə məşğuldur. Qara kəmər sahibi olan polis əməkdaşı 2002-ci ildən ölkə ərazisində keçirilən müxtəlif yarışlarda iştirak edib, ikiqat respublika çempionudur. Bir çox yarışlarda da müxtəlif mükafatlar qazanan təmsilçimiz 2010-cu ildə Rusiya Federasiyasında baş tutan "Şimali Qafqaz Çempionatı”ndan vətənə qızıl medal və kubokla qayıdıb.
PPXB-in digər əməkdaşı, polis sıravisi İsaməddin Əskərov uzun illərdir ki, boksla məşğul olur. O, digər həmkarları kimi dəfələrlə zona birinciliklərində iştirak edib, müxtəlif mükafatlara layiq görülüb.
Dəfələrlə ölkə və beynəlxalq yarışlarında iştirak edərək yüksək nəticələr göstərib, müxtəlif mükafatlar qazanıblar. Bundan əlavə polis əməkdaşları asudə vaxtlarında mütəmadi olaraq rayondakı orta ümumtəhsil məktəblərində, idman klublarında fiziki hazırlıq dərslərində aktiv iştirak edərək, şagirdlərə uşaq yaşlarından əsasən elmə və idmana maraq göstərməyi, gələcəyin savadlı və fiziki cəhətdən sağlam, layiqli vətəndaşları olmaları üçün hər zaman öz üzərlərində çalışmalarının zəruriliyini bildirir, fiziki hazırlıq dərslərində yeniyetmələrə idman sahəsində olan təcrübələrini bölüşür, idmanın incəliklərini öyrədirlər.








