Ukraynanın NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzindən (EADRCC) mina təmizləmə və partlayıcı sursatların daşınması sahəsində imkanlarını artırmaq üçün dəstək istədiyi bildirilib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, NATO-nun bununla bağlı yaydığı açıqlamada Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna ərazisində çoxlu sayda partlayıcı sursatın qaldığı və bunun mülki əhali ilə yanaşı, kritik infrastruktur üçün də ciddi təhlükə yaratdığı qeyd olunub.
Bildirilib ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) mina təmizləmə və partlayıcı sursatların daşınması sahəsində imkanların genişləndirilməsi məqsədilə EADRCC-yə müraciət edib.
Ukraynanın TAC-6 taktiki bomba zərərsizləşdirmə geyimi, taktiki ballistik eynəklər və taktiki qoruyucu qulaqlıqlar kimi avadanlıqlar tələb etdiyi bildirilib.
Açıqlamada mina təmizləmə işlərinin Ukraynanın bərpası və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi baxımından "həyati əhəmiyyət” daşıdığı vurğulanıb.
Qeyd edək ki, Ukrayna 24 oktyabr 2025-ci ildə də su, ərzaq və yanacaq təminatı da daxil olmaqla humanitar yardım imkanlarının artırılması üçün EADRCC-yə müraciət etmişdi.








