Ukraynada TÜRK oğluna böyük vəzifə veriləcək - ZELENSKİNİN ONA EHTİYACI VAR...

Ukraynada TÜRK oğluna böyük vəzifə veriləcək - ZELENSKİNİN ONA EHTİYACI VAR...

Ukraynada yeni parlamentin toplanmasına az qalıb. Hakim partiya həm baş naziri, həm də parlamentin spikerini müəyyənləşdirməlidir. Müxalifətdə olan partiyalar da parlamentdə müxtəlif postlara öz namizədlərini irəli sürməyə başlayıblar. İlk isimlərdən biri Mustafa Cəmiloğludur.

 7News.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib.

E. Şahinoğlu hesab edir ki, Mustafa Cəmiloğlu Zelenskiyə də lazımdır:

"Türk dünyasının yaşayan əfsanəsi sayılan Mustafa Cəmiloğlunun Ukraynada nüfuzu böyükdür. Təəssüf ki, Ukraynadakı siyasətçilər Krım türklərinin və Mustafa bəyin dəyərini Krım ilhaq olunduqdan sonra tam mənada anladılar. Kiyevdə yanlış olaraq düşünürdülər ki, Krımda türklərin artımı Ukraynaya gələcəkdə torpaq bütövlüyü ilə bağlı problem yarada bilər. Ancaq təhlükə başqa istiqamətdən gəldi. Krımın rus əhalisi separatçılığa baş vuraraq Rusiyaya birləşmənin lokomotivi rolunda çıxış etdilər. Bunun əksinə olaraq Krım türkləri sona qədər mübarizə apardılar, Rusiyanın ilhaqını qəbul etmədilər. Bu hərəkatın başında keçmişdə olduğu kimi Mustafa bəy dayanırdı. Rusiya Mustafa bəydən qorxduğuna görə ona qarşı cinayət işi açıb və onun doğma Krımına yolunu bağlayıb. Cəmiloğlu Kiyevdə özü mənə danışmışdı ki, Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqına hazırlaşanda Tatarıstanın keçmiş lideri Mintimer Şaymiyev vasitəsilə onunla əlaqə saxlayıb. Putin Mustafa bəyə təklif edib ki, o keçsin Rusiya tərəfə və bu halda nə istəsə onun üçün edəcək. Mustafa bəyin cavabı qısa olub: Mən millətimi və dövlətimi satmıram. Onun bu hərəkəti Ukraynanın bütövlüyü uğrunda mübarizənin tərkib hissəsinə çevrilib. Ona görə də Ukraynada siyasi partiyalar və tanınmış siyasətçilər Mustafa bəyi yanlarında görmək istəyirlər”.

Politoloq qeyd edib ki, Mustafa Cəmiloğlu son prezident seçkisində prezident Vladimir Zelenskiyə müxalif mövqedə olub:

"Buna baxmayaraq, Mustafa bəyin yeni parlamentin vitse-spikeri seçilməsi şansı az deyil. Doğrudur, onun namizədliyini Zelenskiyə və onun partiyasına rəqib olan eks-prezident Pyotr Poroşenko irəli sürüb. Ancaq Zelenksinin özünün də Rusiya ilə mübarizədə Krım türklərinin dəstəyinə ehtiyacı var. Ona görə də Zelenski məsələyə soyuqqanlı yanaşsa, Mustafa bəyin vitse-spiker seçilməsinə maneə olmamalıdır”.

Politoloq vurğulayıb ki, Pyotr Poroşenko incə gediş edib:

"O, vitse-spikerliyə istənilən namizədi versəydi, həmin şəxsin seçilməsi şansı yüksək olmayacaqdı. Çünki, Poroşenkonun partiyasının yeni parlamentdə tərəfdarı azdır. Buna baxmayaraq, o biri partiyaların Mustafa bəyin əleyhinə səs verməsi problematikdir. Mustafa bəyin əleyhinə səs versələr, belə çıxacaq ki, o biri partiyalar Krım türklərinin mübarizəsini dəstəkləmir. Bu isə Zelenski və onun partiyasının reytinqinə mənfi təsir edəcək. Başqa bir variant ondan ibarətdir ki, Vladimir Zelenski Krım türkəri arasında öz namizədini tapıb onu irəli çəkə bilər. Ancaq hələ ki, Krım türkləri arasında Mustafa Cəmiloğlu və onun yardımçısı Rifat Çibarov qədər populyar olanı yoxdur”.

E. Şahinoğlu bildirib ki, əslində Mustafa bəyin vitse-spiker olması Zelenskinin də maraqlarına xidmət edir:

"Birincisi, Krımın geri qaytarılması uğrunda mübarizə ümümukrayna mübarizəsidir və Mustafa bəy bu mübarizədə Ukraynanın əsas simvoludur. İkincisi, Cəmiloğlu yeni hakimiyyətin Krım siyasətində Zelenskiyə lazımi dəstək verə bilər. Digər tərəfdən, Mustafa bəy Vladimir Zelenski ilə qonşusu Türkiyə ilə münasibətlərdə vacib körpü rolunu oynaya bilər. Təsadüfi deyil ki, Ukraynanın bütün prezidentləri Türkiyəyə səfər edərkən hər zaman nümayəndə heyətlərinə Mustafa bəyi də daxil ediblər. Zelenski də bu ənənəni pozmadı və Ankaraya ilk rəsmi səfəri zamanı yanında Mustafa bəy də var idi. Türkiyədə və ümumilkdə türk dünyasında Mustafa bəyə böyük hörmət var. Zelenski Mustafa bəylə birgə hərəkət etməklə həm Türkiyənin, həm də türk dünyasının simpatiyasını qazana bilər. Rəsmi Bakı Rusiya ilə münasibələrə diqqət yetirir və Krımın ilhaqına görə Kremilə iradı yoxdur. Buna baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq konfransların birində Mustafa bəyin əlini sıxmağa və onunla qısa fikir mübadiləsinə ehtiyac duymuşdu. Çünki, Azərbaycan prezidenti də Mustafa bəyin türk dünyasında, o cümlədən Azərbaycandakı nüfuzundan xəbərdardır”.

7News.Az

Xəbər lenti