ABŞ-ın Azərbaycandakı Səfirliyində Amerika Birləşmiş Ştatlarının 250 illiyi münasibətilə təntənəli qəbul keçirilib
İyulun 1-də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyində ABŞ-ın yaranmasının 250 illiyi münasibətilə təntənəli qəbul keçirilib. Tədbirdə Azərbaycan dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, işgüzar dairələrin nümayəndələri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təntənəli mərasim ABŞ Dəniz Piyada Korpusunun hərbi qulluqçuları tərəfindən Amerika Birləşmiş Ştatlarının Dövlət Bayrağının gətirilməsi ilə başlayıb. Ardınca birləşmiş hərbi orkestr Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət himnlərini ifa edib. Mərasim diplomatik protokola uyğun şəkildə keçirilib və hər iki ölkənin dövlət rəmzlərinə göstərilən hörmətin ifadəsi olub.
Tədbirdə giriş nitqi ilə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon çıxış edib. O, Amerika dövlətçiliyinin 250 illik yubileyinin tarixi əhəmiyyətini vurğulayaraq demokratiyanın, sahibkarlığın, elmin və innovasiyaların inkişafından, həmçinin ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərindən danışıb.
Azərbaycan Respublikası Hökuməti adından tədbir iştirakçılarını Baş nazirin müavini Samir Şərifov təbrik edib. O, ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edərək əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Rəsmi hissədən sonra bayram qəbulu keçirilib. Tədbir Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, konstruktiv dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin daha bir nümunəsi olub.
Əli Səidov








