10 yaşlı saytın rəhbəri Əlişir Əhəd: “Saatlarla internet klublarda oturub, sayt yeniləyirdik”

10 yaşlı saytın rəhbəri Əlişir Əhəd: “Saatlarla internet klublarda oturub, sayt yeniləyirdik”
10 ilin TRİBUNASI – TİA.az-ın 10 yaşı tamam olur

Azərbaycanın ilk xəbər saytlarından olan TİA.az portalı 10 yaşını qeyd edir.
 
TİA.az-ın rəhbəri Əlişir Əhəd saytın 10 illik fəaliyyəti ilə bağlı AZXEBER.COM-a müsahibə verib.

- Uzun müddət yazılı nəşrlərə rəhbərlik etmisiniz. Xəbər saytı yaratmaq ideyası hansı zərurətdən yarandı?

- Çap mediasının tədricən öz yerini elektron KİV-lərə verdiyi bir zamanda Tribuna informasiya agentliyini - TİA.az portalını təsis etdik. O zaman üçün TİA.az ölkəmizdə yaranan ilk 10 portaldan biri idi. Fəaliyyətə başladığımız ilk dövrlərdə maddi-texniki şəraitimiz yox idi və bu səbəbdən müəyyən çətinliklərlə üzləşirdik. Hətta elə olurdu saatlarla internet klublarda oturub sayt yeniləyirdik. O dövrdə bunu təkcə biz etmirdik. Digər azsaylı xəbər saytları da oxşar metodlardan istifadə edirdilər. Bu gün ölkənin ictimai rəyinə təsir gücü olan xəbər portallarının əksəriyyəti fəaliyyətə məhz internet klublardan başlayıblar. Hətta bizə irad bildirənlər də olurdu. Bəzən dostlarımız deyirdilər ki, əlində qəzetin ola-ola xəbər saytı yaratmaq nəyinə lazımdır. Lakin biz başa düşürdük ki, qarşıda bizi daha ağır rəqabət şəraiti gözləyir və bu səbəbdən bütün çətinliklərə baxmayaraq, müasir dövrün tələbləri ilə ayaqlaşmalı olduq. Hətta bir qədər zamanı qabaqladıq da (gülür).

- Ölkəmizdə yüzlərlə xəbər saytı fəaliyyət göstərir. Hər gün sıraları daha da genişlənən hazırki şəraitdə TİA.az-ı fərqləndirən amillər hansıdır?

- 20 ildən artıqdır jurnalist fəaliyyəti ilə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, istər qəzetçilik fəaliyyəti olsun, istərsə də saytçılıq, əsas şərt İP və tiraj sayının artıq olmasında deyil, ictimai rəyə təsir imkanlarının mövcudluğundadır. Mütləq deyil ki, ölkə üzrə hamı səni tanısın. Müəyyən bir audutoriya xitab etməlisən və həmin oxucu qrupu sənin xəbər siyasətini bəyənməlidir. TİA.az olaraq biz bu yola çıxanda konkret strategiya hazırladıq və müəyyən mənada öz məqsədlərimizə nail olduq. Məhz bunun nəticəsidir ki, TİA.az çoxsaylı çətinliklərə rəğmən bu gün də öz uğurlu fəaliyyətini davam etdirir.

- Barmaqla sayılacaq xəbər portalları var ki, 10 illik yol keçiblər. Geriyə baxarkən nələrə görə təəssüf, nələrə görə qürur hissi keçirirsiniz?

- Təbii ki, keçmişə nəzər salanda çoxsaylı uğurlarımızla yanaşı müəyyən səhvlərimiz də olub və bunu danmırıq. Mənim qənaətimə görə, harada iş və fəaliyyət varsa, orada qüsurlar da olacaq və bunun qarşısını almaq mümkün deyil. Bu mənada geriyə baxanda təəssüfləndiyimiz məqamlar da olmamış deyil. Lakin TİA.az fəaliyyətə başlayarkən əsas hədəf olaraq götürdüyümüz – tərəfsizlik prinsipinə daim riayət etmişik və məhz bu səbəbdən həm iqtidar, həm də müxalif fikirli adamlar bizim sayta böyük maraq göstərirlər.

- Son dövrlər dəb halını alıb. Xəbər saytları statistik göstəriciləri ilə öyünürlər. TİA.az bu statistikada hansı yerdə qərarlaşıb?

- Mən artıq o sualın cavabını verdim. Bir daha təkrar edirəm ki, statistik göstəricilər xəbər resursunu yönəldənlər üçün lazımdır. Onlar üçün hardasa "yol xəritəsi” ola bilər. Lakin oxucunun vaxtı yoxdur ki, hər hansı xəbər portalının statistik göstəricilərini araşdırsın. Əsas məsələ ən azı konkret istiqamət üzrə portalın tanınması, ictimai rəyə təsir etməsidir ki, müəyyən mənada buna nail olmuşuq. İnanın səmimiyyətimə, heç zaman saytın statistik göstəriciləri və xəbərlərin oxunması ilə bağlı ciddi narahatlıq keçirməmişəm.

- Həm qəzet, həm də sayt rəhbəri olaraq fikirləriniz maraqlıdır. Azərbaycan oxucusu hansı informasiyalara daha açıqdır?

- Açığını deyim. Baxmayaraq ki, internet portallar daha məşhurdur və milyonlarla insan gündəlik xəbərləri məhz buradan əldə edir, qəzetlər onlardan daha məhsuldar və maraqlı məlumatlar dərc edirdi. Heç şübhəsiz operativlikdə yazılı nəşrlər elektron vasitələrə uduzur. Lakin çox təəssüf ki, bunu peşəkarlıq meyarlarına şamil etmək olmaz. Hesab edirəm ki, qısa və daha tez istehlak olunan xəbərlərlə yanaşı ənənəvi mətbuatçılıq prinsiplərini də kənara qoymaq olmaz. Kifayət qədər imkanlarımız var ki, biz xəbər istehsalı və yayımı ilə yanaşı maraqlı rubrikalar, müsahibələr, analitik yazılar da təqdim edək. Hazırda bu istiqamətdə çalışan xəbər portalları mövcuddur və onların sayının artmasına ehtiyac var.

- Sonda oxucularınıza nə demək istərdiniz?

- Mətbuat təkcə xəbər vermir, həm də maarifləndirir, ictimai rəyi yönəldir. Mən oxuculara tövsiyyə edərdim ki, xəbər portallarını təhlil etsinlər. Özləri üçün aydınlaşdırsınlar ki, hansı xəbər saytları onların ruhuna uyğundur. Yəni bir növ seçim etsinlər. Bu seçim xəbər portallarının, o cümlədən digər media resurslarının fəaliyyəti üçün zəmin olacaq. Oxucuların imkanı var ki, mətbuat orqanlarının fəaliyyətinə bu yolla diqtə etsinlər.

7News.Az

Xəbər lenti