RU
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
17:10
36

17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı müraciətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Z.Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarının identifikasiya məlumatlarını ələ keçirib. Daha sonra həmin məlumatlardan istifadə etməklə hesablara giriş üçün elektron təsdiq sorğuları göndərib.

Sorğuların mənbəyini yoxlamadan təsdiqləyən şəxslərin hesablarına qanunsuz giriş əldə edən şübhəli şəxs oradakı pul vəsaitlərini ələ keçirib. Sonradan cinayət yolu ilə əldə etdiyi vəsaitlərin mənbəyini gizlətmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb.

İlkin araşdırmalar zamanı Z.Nəhmədovun zərərçəkmiş şəxslərə 100 min manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

DİN vətəndaşlara və sahibkarlıq subyektlərinə müraciət edərək elektron ödənişlərlə bağlı daxil olan sorğuların mənbəyini yoxlamadan təsdiqləməməyə çağırıb. Həmçinin giriş məlumatlarının, təsdiq kodlarının və elektron imza məlumatlarının üçüncü şəxslərlə paylaşılmaması tövsiyə olunub.

Şübhəli sorğular, keçidlər və hesablarla bağlı naməlum əməliyyatlar müşahidə edildikdə dərhal xidmət göstərən banka və polis orqanlarına məlumat verilməsi vacibdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ