Bu sözləri açıqlamasında "Eurovision 2011" qalibi Eldar Qasımov bu il Azərbaycanı təmsil edən Dihaj barəsində deyib:
"Bunu söyləmək böyük cəsarətdir. Çünki "Eurovision"nun çox gözlənilməz nəticələri olur. Əgər mən indi nə isə desəm gərək bunun arxasında dayanım. Amma ilk beşliyə, hətta üçlüyə layiq olduğunu deyə bilərəm. Öncəki illərə nəzər yetirsək bu dəfə maraq bir qədər çoxdur. Hansısa yollarla bu il bir qədər çox səs-küy yaratdı".
Müğənni Ukraynanın Rusiyaya qarşı tədbiq etdiyi qadağa ilə bağlı da fikirlərini bölüşüb:
"Mən Ukraynanın yanındayam. Sizə və oxuculara bir sualla müraciət edim. 2012-ci ildə "Eurovision" bizim ölkədə keçirildi. Əgər təmsilçilərdən hansısa dövlətimizin icazəsi olmadan Qarabağda çıxış etsəydi, onun Azərbaycana gəlişinə razı olardınızmı? Təbii ki, xeyr. Ona qarşı da qadağa qoyulacaqdır. Hər bir ölkənin öz konstitusiyası və qanunları var. Onlara riayət etmək lazımdır. Mahnı müsabiqəsində iştirak edən heç bir ölkə Krımı Rusiyanın bir hissəsi kimi qəbul etmir. Bildiyimə görə, Avropa Yayım Şurası bu qadağanı təsdiqlədi və alqışladı. Bu da Rusiyaya cavabdır. Bu məsələdən əziyyət çəkən tək insan Rusiyanın təmsilçisi Yuliya Samoylovadır. O, yaranan vəziyyətin əsiri, hətta qurbanıdır. Əsas günahkarlar bu qızı ora yollayanlardır. Çünki çox yaxşı bilirdilər ki, təmsilçiləri Krımda olub. Onlar kimə nağıl danışırlar?".
Eldar növbəti dəfə iştirak təklifi gələrsə qəbul etməyəcəyini söyləyib:
"Xeyr, mən bu mərhələni keçmişəm. Nigarla öz məharətimizi göstərmişik. İnsanlara öz daxili dünyamızı göstərdik və birincilik qazandıq. Hazırda daha böyük zirvələri fəth etmək fikrindəyəm".//big
7News.az








