RU
12:40
692

"46 yaşım var, hələ də xalq artisti adı verməyiblər mənə" - Nadir GİLEY ETDİ

Tanınmış müğənni Nadir Qafarzadə ölkə.az-ın suallarını cavablandırıb.

7News.az xəbər verir ki, ifaçı ona hələ də xalq artisti adının verilməməsindən danışıb. Müsahibədən kiçik hissəni təqdim edirik:

- On il əvvəl Rusiyada yaşayan bir azərbaycanlı sizə sponsorluq edirdi. İşbirliyiniz niyə axıra qədər alınmadı?

- Azərbaycandakı müğənnilərin əliylə o iş pozuldu. Bilmirsiniz ki, Azərbaycanda ala qarğa bala çıxartmır? O 2006-cı ildə olmuşdu. Əgər davam etsəydi, bəlkə indi Rusiyanın xalq artistiydim. Əlimizdə yaxşı imkanlar vardı, arxamızda Filipp Kirkorovun prodakşnı dururdu, İosif Kobzon "daydaylıq" edirdi. Orada arena böyükdür, böyük pullar lazımdır, arxanda əjdahalar durmalıdır. Amma görün biz nə elədik? Belə baxanda mənə heç nə olmadı, pisliyi özümüzə elədik. Bu gün Rusiya səhnəsini erməni, gürcü bürüyüb. Hara baxırsan, rejissor "yan", operator "yan", prodüser "yan". Bizdən də bircə Emin Ağalarovdur ki, o da Rusiya vətəndaşıdır. Mən gedərdim, ardımca başqası gələrdi, çoxalardıq.

- Deyəsən fəxri adların cazibəsi sizi çəkir.

- Bundan sonra fəxri ad mənimçün gecdir. Qırx altı yaşım var, uşaq deyiləm. Təcrübəm qədər yaşı olmayanlar əməkdar artistdirlər. Otuz üç il sənətdə olan, qırx altı yaşlı Nadir Qafarzadənin hələ də fəxri adı yoxdur. Deməli, mən buna layiq deyiləm.

- Bu kinayədir?

- (gülür) Mənə çox gülməlidir. Çox tamaşaçılar deyir ki, siz artıq xalq artisti fəxri adını almalısınız. Məni xalq sevirsə, bu mənə yetər. Verməyəndən sonra durub dava edəsi deyiləm ki. Şükür, yaşayıram, canım sağdır, balalarım yanımdadır, xalq sevir, dolandırır. Buna da şükür. Bu gün elə əməkdar artistlər, xalq artistləri var ki, mənim yerimdə olmaq istəyər. 

- Söhbət populyarlıqdan gedir?

- Bəli. Olub ki, məclisə mən də girmişəm, fəxri adı olanlar da. Elə qarşılanmışam, alqışlanmışam, qonorarımı da onlardan artıq veriblər. Deməli, mən xalqın artistiyəm. Ürəklərdə xalq artisti olmaq lazımdır.

- Ola bilərmi ki, bəzi xalq artistlərindən çox tanınmağınızın səbəblərindən biri də emosional olmağınız, qalmaqallar etməyinizdir?

- Mən emosional yox, düzgün, real insanam. Haqsızlıq olan yerdə mən yoxam. Mənimlə oturub bir gün söhbətləşsəniz, deyərsiniz ki, sizi indiyə qədər tanımamışam. Məni hələ çoxu tanımır ki, necə oğlanam.//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ