65 yaşlı ana böyrəyini övladına verdi - Bakıda

65 yaşlı ana böyrəyini övladına verdi - Bakıda
Böyrəklər fəaliyyətini dayandırarsa, orqanizmin digər funksiyaları da tənəzzülə uğrayır

Bakıda 65 yaşlı ana böyrəyini oğluna bağışlayıb.

7News.Az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat uğurla başa çatıb:

"Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 38 yaşlı pasiyentə köçürülən böyrəyi orqanizm qəbul edib. Böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsində həyata keçirilib.

Cərrahın bildirdiyinə görə, təcili əməliyyatın aparılmasına göstəriş xəstənin qısa müddətdə aldığı hemodializ seanslarının yaratdığı fəsadlar olub: "Böyrək çatışmazlığından xilas olan və sağlam həyata dönən pasiyentimizin vəziyyəti hazırda yaxşıdır. Hemodializ vasitəsilə qan təmizlənsə də, bununla sağlam böyrəklərin bütün funksiyalarını əvəz etmək mümkün deyil.

Böyrəklər fəaliyyətini dayandırarsa və insan hemodializ seansları qəbul etməyə məcbur olarsa, orqanizmin digər funksiyaları da tənəzzülə uğrayır. Bu da perikardit, anemiya, sümük xəstəlikləri, arterial hipertoniya, qanda kaliumun yığılması, sinir sisteminin pozulması kimi bir sıra fəsadlara yol açar.

Bu baxımdan böyrəkköçürmə əməliyyatı hemodializi yaşam üsulu seçmək məcburiyyətində qalan insanlar üçün nicat yoludur. Pasiyentimizə bu xoşbəxtliyi ahıl yaşda olan anası bəxş etdi".
 
 

7News.Az

Xəbər lenti