Qarabağ bölgəsində aparılan tikinti və bərpa layihələri çərçivəsində fəaliyyət göstərən SMTA MMC ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib.
"Xəbərsiz”ə müraciət edən bir neçə şikayətçi Ağdamda fəaliyyət göstərən "SMTS” MMC tərəfindən qanunsuzluqlara məruz qaldıqlarını bildiriblər.
İddialara görə, şirkətdə çalışan 11 nəfər mühafizə əməkdaşı işdən uzaqlaşdırılıb, lakin onların əmək hüquqları hələ də təmin olunmayıb.
İşçilər bildirirlər ki, nə işdən çıxış sənədləri təqdim edilir, nə hesablaşma aparılır, nə də məzuniyyət və əmək haqları ödənilir.
Şikayətçilərin sözlərinə görə, onlar hər gün müxtəlif vədlərlə aldadılır:
"Bu gün vurulacaq, sabah veriləcək” deyərək bizi günlərlə gözlədirlər. Bir həftədən çoxdur ki, əmək haqqımızı və hesablaşma pulumuzu ala bilmirik”.
İşçilərdən biri bildirib ki, ayın 28-dən işdən ayrılmasına baxmayaraq, hələ də çıxış sənədi təqdim edilməyib. O, bu səbəbdən başqa işə düzəlməkdə də çətinlik yaşadığını deyir:
"Nə çıxışımı verirlər, nə də başqa yerdə işləməyə imkan yaradırlar. Bizi faktiki olaraq çıxılmaz vəziyyətdə qoyublar”.
Şikayətçilər iddia edirlər ki, rəhbərlik tərəfindən onlara qarşı kobud münasibət sərgilənib və "Xoşunuz gəlir işləyin, gəlmirsə çıxın” kimi ifadələr səsləndirilib.
İddialarda adı çəkilən şəxslərdən biri mühafizə rəisi olduğu bildirilən Əliyev Feyzulla, digəri isə şirkətin rəhbəri kimi göstərilən Ağalar Allahyarovdur.
Qeyd edək ki, bundan əvvəl də Ağdamda həyata keçirilən tikinti layihələri ilə bağlı oxşar narazılıqlar yayıımışdı.
Məlumatlardan birində qeyd olunurdu ki, bölgədə hörgü işlərində çalışan bəzi əməkdaşlar fevral ayından etibarən maaşlarını ala bilmirlər.
İddialara əsasən, problem "SMTS” MMC-nin tərkibində fəaliyyət göstərən və Şahin Mehdiyevə məxsus olduğu deyilən "Taşeron-Azər Avro” tikinti şirkəti ilə bağlı olub.
Bildirilirdi ki, şirkət bir neçə ay ərzində işçilərə əmək haqlarını ödəməyib.
Hazırda şikayətçi işçilər aidiyyəti dövlət qurumlarından məsələyə müdaxilə olunmasını, əmək haqlarının ödənilməsini və hüquqlarının bərpa edilməsini tələb edirlər.
Yazıda adı çəkilən şirkət və şəxslərin mövqelərini yayımlamağa hazırıq








