7news.az xəbər verir ki, ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində Missisipi çayında ciddi gəmi qəzası baş verib. Böyük yük tankeri sərnişin daşıyan kruiz gəmisinə çırpılıb. Güclü toqquşma nəticəsində sərnişin gəmisi suya qərq olaraq yan üstə çevrilib.
Hadisə noyabrın 13-də, yerli vaxtla saat 12:30 radələrində, Yeni Orlean limanı yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, Atlantic Asphalt adlı tanker American Cruise Lines şirkətinə məxsus American Heritage sərnişin gəmisinə çırpılıb. Qəza zamanı gəmidə sərnişinlər və ekipaj üzvləri olmaqla təxminən 180 nəfər olub.
Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları, ABŞ Sahil Mühafizəsi və digər xilasetmə qrupları cəlb edilib. Ətrafdakı gəmilərin heyətləri də xilasetmə əməliyyatına qoşularaq suya düşən insanlara kömək ediblər.
Yeni Orlean meri Helena Moreno son açıqlamasında gəmidə olan bütün şəxslərin yerinin müəyyən edildiyini bildirib. Rəsmi məlumatlara əsasən, 32 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan heç birinin vəziyyətinin kritik olmadığı açıqlanıb. Ölən və itkin düşən şəxslər barədə məlumat yoxdur.
İlkin ehtimallara görə, tankerin idarəetmə sistemində yaranmış problem toqquşmaya səbəb ola bilər. Lakin qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib. ABŞ-ın müvafiq qurumları hadisə ilə bağlı araşdırmaya başlayıblar.
Hadisə zamanı çəkilən görüntülərdə sərnişin gəmisinin suya doğru əyildiyi, insanların isə çaya düşərək xilasedicilərin köməyi ilə xilas edildiyi görünür.








