DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Dövlət Humanitar Kollecində Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib. Görüşdə "Narkomaniya ümumbəşəri bəladır” və "Dini radikalizmə qarşı mübarizə” mövzularında gənclərə dəyərli tövsiyələr verilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi , polis polkovniki Rasim Mustafayev narkomaniyanın gətirdiyi bəlalardan, onun istifadəçilərinin qarşılaşdığı faciələrdən bəhs edib. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, eləcə də yaratdığı asılılıq barədə gənclərə ətraflı məlumat verib.
Dini radikalizmin fəsadlarından da söz açan şöbə rəisi din pərdəsi arxasında gizlənib mənfi əməllərlə məşğul olanların cinayətkar xislətindən söz açıb. Gənclərin sağlam həyat yaşamağı və vətənpərvər ruhda böyüməyi cəmiyyətin əsas inkişaf meyarlarından biri olduğunu izah edib.








