RU
Avstraliyada
16:30
18

Avstraliyada "Telegram"a qarşı məhkəmə işi qaldırılıb

Avstraliya Federal Məhkəməsində məşhur "Telegram" platformasına qarşı mülki iddia qaldırılıb. İddiaya əsasən, mesencer terrorizmi təbliğ edən materialların, xüsusilə də kütləvi qətllər və terrorçu edamlarını əks etdirən videoların aşkarlanaraq silinməsi üzrə öhdəliklərini icra etməyib.

Bu barədə Avstraliyanın onlayn təhlükəsizlik tənzimləyicisi "eSafety" məlumat yayıb.

Kibertəhlükəsizlik komissarı Culi İnman Qrant bildirib ki, "Telegram" kimi şəbəkələrdə kəskin zorakılıq kadrlarının və terrorizmin təbliğatının yer alması ekstremist baxışların cəmiyyətdə normallaşması təhlükəsini yaradır. Bu cür məzmunlar Avstraliya vətəndaşlarına mənfi təsir göstərməklə yanaşı, həssas qrupların radikallaşdırılmasına və bu kimi qruplaşmalara cəlb edilməsinə şərait yaradır.

Məlumatda vurğulanır ki, ölkənin rəqəmsal standartlarına və qanunlarına tabe olmamaq platformanın 54 milyon 600 min Avstraliya dolları (təxmini 37 milyon 940 min ABŞ dolları) məbləğində inzibati cəriməyə məruz qalması ilə nəticələnə bilər.

Xatırladaq ki, iyulun 29-da Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) "Telegram"dakı "Dayvinchik/Leo" çatbotu üzərindən rusiyalı gənclərin və yeniyetmələrin cinayət xarakterli əməllərə cəlb olunması sxemini aşkara çıxardığını bəyan etmişdi. Bunun ardınca "Telegram"ın yaradıcısı Pavel Durov beynəlxalq axtarışa verilmişdi. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsinə əsasən, yəni terror fəaliyyətinə köməklik göstərmə maddəsi ilə cinayət işi açılıb və ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ