Son günlər "WhatsApp” və sosial şəbəkələrdə vətəndaşların adından saxta hesablar yaradılaraq onların yaxınlarından pul istənilməsi halları müşahidə olunur.
Kiberdələduzlar tanınmış şəxslərin adından, fotoşəkillərindən və digər məlumatlarından istifadə edərək saxta profillər yaradır, daha sonra həmin şəxsin yaxınlarına yazaraq müxtəlif bəhanələrlə təcili pul göndərilməsini istəyirlər.
Vətəndaşlara belə mesajlara qarşı diqqətli olmaq və tanıdıqları şəxsin adından gələn pul tələblərinə dərhal inanmamaq tövsiyə olunur.
Əgər sizə tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj daxil olarsa, ilk növbədə həmin şəxslə başqa vasitə ilə əlaqə saxlayaraq məlumatın doğruluğunu dəqiqləşdirmək lazımdır.
Mütəxəssislər bildirirlər ki, profil fotosunun və adının tanış olması hesabın məhz həmin şəxsə məxsus olduğunu təsdiqləmir.
Şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul göndərmək, şəxsi və bank məlumatlarını paylaşmaq, həmçinin tanımadığınız keçidlərə daxil olmaq olmaz.
Kiberdələduzluqla qarşılaşan vətəndaşlar DİN-in "102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.








