RU
lombard
Azərbaycan-Türkiyə qardaşlığının rəmzi olan Şuşa Bəyannaməsi böyük tarixi və siyasi əhəmiyyətə malikdir
17:03
204

Azərbaycan-Türkiyə qardaşlığının rəmzi olan Şuşa Bəyannaməsi böyük tarixi və siyasi əhəmiyyətə malikdir

Əli Hüseynli,

Milli Məclisin deputatı

             Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatmış 44 günlük ikinci Qarabağ savaşından sonra yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Səfərin və Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur.

      Bu  sənədin  məhz  Şuşa  şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi      məna   daşıyır    və    Qarabağ   torpaqlarının   məhz  Azərbaycanın əzəli tarixi  ərazisi olduğunun birmənalı təsdiqi olaraq eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.

      Səfərin məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan və xalqımızın qan yaddaşına hopmuş 15 İyun - Milli Qurtuluş günündə təsadüf etməsi də simvolikdir və bu günün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütövlükdə türk dünyası üçün tarixi və siyasi dəyərinin göstəricisi kimi dəyərləndirilməlidir.    

       Başqa sözlə, məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi, bütün istiqamətlərdə iki qardaş ölkə arasındaki münasibətlər daha yüksək müstəvidə qərarlaşdı və bu, münasibətlərin inkişaf istiqaməti dönməz səciyyə aldı. Beləliklə də Şuşa Bəyannaməsi  Mustafa Kamal Atatürkün söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsinin və Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi  "İki dövlət, bir millət” düsturunun tarixi təcəssümünə çevrildi. Bu xüsusda  ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin sürətli inkişafı Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı mümkün təhlükələrdən etibarlı şəkildə sığortalayan ən vacib faktorlardan biridir.

       Türkiyənin Cənubi Qafqaz regionunda söz sahibi olmasını şərtləndirən, Azərbaycanın isə burada liderliyin qoruyub saxlamasına böyük töhfə olan Şuşa Bəyannaməsi hər iki ölkənin bölgədə və beynəlxalq müstəvidə nüfuzunu dəfələrlə artırmış oldu. Bəyannamənin müddəaları 1923-cü ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış, bütövlükdə Türkiyə ilə bərabər Azərbaycanın da maraqlarını ifadə edən və Ermənistanın ərazi iddialarına çəpər çəkmiş Qars sülh müqaviləsinin mahiyyətinə tam uyğundur. Bu mənada Şuşada imzalanmış sənədin böyük diplomatik uğur olduğu şübhəsizdir. Digər tərəfdən, ölkəmiz  bundan sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bölgədə gedən proseslərə daha fəal təsir imkanına malik olacaqdır. Başqa sözlə, demək olar ki, Cənubi Qafqazın taleyi artıq Şuşada möhürlənmişdir.

       Türkiyənin beynəlxalq miqyasda ardıcıl olaraq həm siyasi səhnədə, həm də hərb meydanında Azərbaycanı dəstəkləməsi böyük mənada türk birliyinə, həm də Azərbaycanın uğurlarına  qısqanclıqla yanaşanlara sanballı ismarıcdır. Qardaş ölkənin Prezidentinin Vətən Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə ötən il dekabrın 10-da Bakıda keçirilən tarixi hərbi Zəfər paradında iştirakı və indi də Şuşaya səfəri böyük türk dünyasına birlik və həmrəylik çağırışı kimi qiymətləndirilməlidir və əminəm ki, Avropa, Orta və Şərqi Asiya coğrafi məkanını əhatə edən türkdilli dövlətlər tərəfindən bu istiqamətdə sərgilənən siyasi proseslərə yeni stimul yaradacaqdır.

       Şuşa Bəyannaməsinin bütün aspektlərdə bir əhəmiyyəti də ondan ibarətdir ki, bu sənəd ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın və onun təmin edilməsi üçün imzalanmış 11 yanvar 2021-ci il tarixli Moskva Bəyanatının bütün müddəlarının tam və etibarlı şəkildə həyata keçirilməsinə sanballı dəstəkdir. Bu baxımdan Ermənistanın və onun havadarlarının mane olmağa çalışdıqları Azərbaycan və Türkiyəni birləşdirən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması məsələsinin Şuşa Bəyannaməsində yer almasını təsadüfi saymaq olmaz.

       Digər tərəfdən, sənədin əsas müddəalarından biri kimi, iki qardaş ölkənin liderləri bölgədə Ermənistan da daxil olmaqla "3+3” formatında sülh və əməkdaşlığa çağırışla sülhsevər  niyyətlərini ilə bir daha rəsmi olaraq ortaya qoymuş oldular.

        Qarabağın dirçıldilməsi ilə bağlı proseslər fonunda daha bir önəmli məsələ diqqəti cəlb edir. Şuşa Bəyannaməsi, habelə Türkiyənin Şuşada Baş Konsulluğunun açılacağı və işğaldan azad edilmiş ərazilərin bərpasında türk şirkətlərinin sonadək fəal şəkildə cəlb olunacağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi açıqlaması doğma yurd-yuvalarına dönmək üçün zaman gözləyən məcburi köçkünlərə yeni bir ruh yüksəkliyi və həvəs bəxş etdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkənin rəhbərlərinin ictimaiyyətə açıqladıqları bəyanatlardakı müddəalar və incə məqamlar, habelə ertəsi gün cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisin xüsusi iclasında dünyaya ismarıc kimi səslənən və yeni reallıqların tələbləri baxımından ölkələrimiz arasında getdikcə daha sürətlə inkişaf edən qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin dolğun siyasi məzmunu kimi dəyərləndirilən alovlu çıxışı bu ümidləri daha da alovlandırdı.

       Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah  mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazıldı.
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ