RU
Azərbaycanda
13:20
64

Azərbaycanda "ağ qızıl" əkinləri yeddi dəfədən çox artıb

"Azərbaycanda pambıq əkinləri 7 dəfədən çox artıb".

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə deyib.

Onun sözlərinə görə, böyük pambıqçılıq ənənələrinə malik olan ölkəmizdə 2015-ci ildə cəmi 18.7 min hektar sahədə "ağ qızıl" əkilib, 35.2 min ton məhsul istehsal olunub, orta məhsuldarlıq isə 18.8 sentner təşkil edib:

"2016-cı ildə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə pambıqçılığın inkişafına yönəlmiş genişmiqyaslı və sistemli tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2016-2019-cu illərdə Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabad, Saatlı, Bərdə rayonlarında və Bakı şəhərində pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş dörd respublika müşavirəsi keçirilib. 2016-cı ildə Sabirabad rayonunda keçirilən ilk müşavirədə dövlət başçısı qeyd edib: "Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq".

O qeyd edib ki, sonrakı illərdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıqçılığın inkişafı istiqamətində də Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm islahatlar həyata keçirilib, dövlət dəstəyi tədbirləri genişləndirilib:

"Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" qəbul edilib, subsidiya mexanizmləri tətbiq olunmuş, texnika parkı yenilənmiş, emal müəssisələri ilə fermerlər arasında əməkdaşlıq gücləndirilib. Eyni zamanda, məhsuldarlığın artırılması, suvarma imkanlarının genişləndirilməsi, müasir aqrotexniki tədbirlərin tətbiqi və ixtisaslaşmış rayonlarda pambıqçılığın daha səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsində pambıq əkinlərinin sahəsi və istehsal həcmi əhəmiyyətli dərəcədə artıb, 2018-ci ildə 132.5 min hektar sahədən 233.6 min ton pambıq istehsal edilib. Bununla yanaşı, 210 minə yaxın kənd əhalisinin məşğulluğu təmin olunub. Lakin orta məhsuldarlıq cəmi 17.6 sentner təşkil edib. Pambıqçılığın sosial əhəmiyyəti və kənd yerlərində məşğulluğun təmin edilməsinə verdiyi töhfə böyük olsa da, iqtisadi baxımdan gözlənilən səmərəlilik tam təmin olunmayıb".

Z. Nağdəliyev bildirib ki, pambıqçılıqda məhsuldarlıq 36.1 sentnerə çatıb:

"Prezident İlham Əliyevin məhsuldarlığın artırılması hesabına pambıqçılığın intensiv inkişafının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildən etibarən hər il 100-104 min hektar sahədə pambıq əkini aparılıb, orta məhsuldarlıq isə hər hektardan 28-30.9 sentner təşkil edib. Bu dövr ərzində ən yüksək nəticə ötən təsərrüfat ilində əldə olunub. Fermerlər 100.4 min hektar sahədən 362.9 min ton pambıq istehsal edib, orta məhsuldarlıq isə hər hektardan 36,1 sentnerə yüksəlib".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ