RU
Azərbaycanda bank kartlarına limit qoyulur - Ən çox bu şəxslərə təsir edəcək
13:20
35

Azərbaycanda bank kartlarına limit qoyulur - Ən çox bu şəxslərə təsir edəcək

Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib.

Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara ("card-to-card”) limitlər tətbiq edilib.

Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.

Bu dəyişiklik ilk növbədə gündəlik fəaliyyətini kartdan-karta ödənişlər üzərində quran minlərlə kiçik sahibkara təsir göstərə bilər. Xüsusilə rəsmi ödəniş sistemlərindən deyil, şəxsi bank kartlarından istifadə edən şəxslər yeni qaydanın yaratdığı çətinliklərlə üzləşə bilərlər. 

AZXEBER.COM yeni qaydadan ən çox təsirlənəcək sahələri tətbiq edir: 

Ən çox təsirlənəcək sahələrdən biri sosial şəbəkələr üzərindən fəaliyyət göstərən onlayn satış biznesləridir. Son illərdə Instagram, TikTok, Facebook və Telegram vasitəsilə məhsul satan minlərlə kiçik sahibkar müştərilərdən ödənişləri əsasən şəxsi bank kartlarına qəbul edir. Gündə onlarla sifariş alan belə satıcılar beş qəbul limitinə çatdıqdan sonra həmin gün yeni ödəniş qəbul edə bilməyəcəklər.

Taksi sürücüləri, xüsusilə nağdsız ödənişləri şəxsi bank kartına qəbul edən sürücülər gün ərzində çoxsaylı müştəridən ödəniş aldıqları üçün limitlə qarşılaşa bilərlər.

Səyyar satıcılar - Küçə ticarəti ilə məşğul olan, meyvə-tərəvəz, qarğıdalı, dondurma, qəhvə və digər məhsullar satan, ödənişləri kartdan-karta qəbul edən satıcıların gündəlik satışına təsir edə bilər.

Gözəllik sektoru da bu dəyişiklikdən təsirlənə biləcək əsas sahələr sırasındadır. Vizajistlər, saç ustaları, manikür və pedikür ustaları, kosmetoloqlar, kirpik ustaları, bərbərlər və digər fərdi xidmət göstərən şəxslərin əksəriyyəti ödənişləri kartdan-karta qəbul edir. 

Restoran və kafelər - Xüsusilə masa rezervasiyası üçün öncədən beh və ya depozit ödənişini şəxsi bank kartına qəbul edən obyektlər limit səbəbindən gün ərzində yeni rezervasiya ödənişlərini qəbul etməkdə çətinlik çəkə bilərlər. Bundan başqa, bəzi kiçik iaşə obyektləri çatdırılma sifarişlərinin ödənişini də kartdan-karta qəbul etdikləri üçün bu qaydadan təsirlənə bilər.

Evdən fəaliyyət göstərən kiçik sahibkarlar da yeni qaydadan təsirlənə bilər. Tort və şirniyyat hazırlayanlar, əl işi məhsullar satanlar, hədiyyə qutuları hazırlayanlar, dekorasiya, gül buketləri və müxtəlif suvenirlər hazırlayan şəxslər sifarişlərə görə gün ərzində çoxsaylı ödəniş qəbul etdikləri üçün fəaliyyətlərində çətinlik yarana bilər.

Təhsil sahəsində fərdi fəaliyyət göstərən repetitorlar, xarici dil müəllimləri, musiqi müəllimləri və müxtəlif hazırlıq kursları keçirən şəxslər də ödənişləri əsasən bank kartları vasitəsilə qəbul edirlər. 

Sərbəst çalışan mütəxəssislər - fotoqraflar, videoqraflar, dizaynerlər, SMM mütəxəssisləri, proqramçılar, kopirayterlər və digər freelancerlər də bu məhdudiyyətdən təsirlənə bilər.

Kirayə mənzil bazarında isə təsir daha məhdud ola bilər. Bir çox ev sahibləri ay ərzində yalnız bir və ya iki ödəniş qəbul etdiyindən onlar üçün ciddi problem yaranmaya bilər. Lakin gündə bir neçə mənzil və ya obyekt üzrə ödəniş qəbul edən şəxslər limitlə qarşılaşa bilərlər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ