RU
Azərbaycanda qeyri-rəsmi nikahda olan qadının hansı hüquqları var? – QANUN DANIŞIR
18:10
642

Azərbaycanda qeyri-rəsmi nikahda olan qadının hansı hüquqları var? – QANUN DANIŞIR

Bu gün Azərbaycanda cütlüklərin bir qismi münasibətlərin rəsmi nikahla bəyan edirlər. Bu cür ailələr sırasında hətta nikah müqaviləsi bağlayanlar da var. Əlbəttə, bu kimi şəxslər üçün mental dəyərlər ön planda deyil. Lakin, etiraf edək ki, hazırda ölkəmizdə qeyri-rəsmi münasibətdə yaşayan cütlüklərin də sayı az deyil. Bir çox hallarda qeyri-ciddi münasibətlər zəminində yaranan bu münasibətlər qısa zaman kəsiyində də sona çatır. Bu zaman qadın bakirəliyini itirməklə yanaşı, hüquqlarını da tələb edə bilmir. 

Bu gün Azərbaycan qanunvericiliyi hansı halda qeyri-rəsmi münasibətdə yaşayan qadının hüquqlarını tanıyır, qanun bu haqda nə deyir?

Hüquqşünas Eyyub Kərimovun sözlərinə görə, qeyri-rəsmi münasibətdə yaşayan qadının hüquqları məhduddur. O yalnız bir halda məhkəmədə iddiasını təmin edə bilər: 

"Azərbaycanda vətəndaş nikahında olan qadın boşandıqdan sonra uşaqlıdırsa, övladının şəxsiyyət vəsiqəsində ata adı kimi qarşı tərəfin adı qeyd olunubsa aliment almaq hüququna malikdir. Belə qadın yalnız övladına görə, qarşı tərəfdən haqqını tələb edə bilər”. 

E.Kərimovun sözlərinə görə, bir dəfə münasibətdə olmaqla qadın hamilə qalarsa, övladını dünyaya gətirməyi qərarlaşdırarsa, istənilən halda körpəsinin haqqını tələb edə bilər. Azərbaycan qanunvericiliyi buna rəvac verir: 

"DNT analizi ilə uşağın atasının kim olduğu təsdiqini tapdıqdan sonra qarşı tərəf aliment ödəmək məcburiyyətində qalacaq. Aliment istisna olmaqla, digər məsələlərdə qadın "haqq”ını tələb edərsə, bu mübahisələr yarada bilər. Yalnız rəsmi nikaha daxil olduqdan sonra qadının hüquqlarını tələb etmək imkanı yaranır. Nikaha daxil olduqdan sonra tərəflərin bir-birinə öhdəlikləri yaranır”.

E.Kərimov qeyd edib ki, Ailə Məcəlləsində də ər-arvadın "birgə nikah dövrü” ifadə tərzi işlədilir: 

"Ailə Məcəlləsində "birgə yaşayış” ifadəsindən istifadə edilmir. Bu o demək deyil ki, qadın məhkəmə davası açmamalıdır. Əgər düşünürsə, nəsə onun haqqıdır, bu zaman məhkəməyə müraciət edərək tələb edə bilər. Hüquq yalnız aliment məsələsində rəsmi nikahı olmayan qadını müdafiə edir”.

Dəfələrlə atalıq hüququ ilə əlaqədar olaraq, nikahda olmayan qadınların hüquqlarını müdafiə etdiyini deyən hüquqşünas son olaraq bir neçə gün öncə də, bənzər olayla rastlaşdığını vurğulayıb. O qeyd edib ki, bir neçə gün öncə bir qadın qeyri-rəsmi nikahda yaşadığı kişidən iki övladının olması ilə bağlı müraciət edərək alimentini tələb edib: 

"Araşdırma zamanı bəlli olub ki, bu kişinin eyni zamanda digər qadından, qeyri-rəsmi münasibətdən bir övladı da var. Uşağın doğum haqqında şəhadətnaməsində ata adı kimi bu şəxsin adı qeyd olunduğu üçün şəxs istəsə də, istəməsə də aliment vermək məcburiyyətindədir. Hazırda məhkəmə prosesi davam edir”.

E.Kərimov bu vaxtadək qeyri-rəsmi münasibətdə yaşayan qadınların məhkəmədə əmlak davası açmadığını deyib. Lakin rəsmi nikahda olan qadınlar boşandıqdan sonra məhkəməyə daha çox əmlak davası üçün müraciət edib: "Bizim ailələrdə bir fincan üstündə belə dava gedir. Bu bizim mentalitetimizdən irəli gələn səbəblərdir”. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ