Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
7News.Az APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov Feysbukda məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib.
Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.
Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.








