ARB TV-nin "Bu qədər" proqramında növbəti buraxılışı xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum teleaparıcı Ceyran Nərimana həsr edilib.
7News.Az xəbər verir ki, aparıcının dostları və əzizləri onunla bağlı xatirələrini danışıb:Teleaparıcının bacısı Səkinə anasının hələ də Ceyranın ölümündən xəbərsiz olduğunu açıqlayıb: "Sinəsində şiş əmələ gəlmişdi. Həkim bizə dedi ki, əməliyyat olunmalıdır. Bilmirdik bunu Ceyrana necə deyək. Əməliyyat olunmaq istəmirdi. Güclə razı saldıq. Sonuncu ad günündən sonra başında möhkəm ağrılar olduğunu dedi. MRT etdirdik və məlum oldu ki, başında da şiş yaranıb. Səhhəti ilə əlaqədar zəif idi. Gözləyirdik biraz özünə gəlsin onu İrana aparaq. Ayın 4-ü İrana gedəcəkdik, amma o, məzara getdi. Üzü qibləyə uzandı, xırıldamadan can verməyə başladı. Anam indiyədək bilmir. Bəlkə də hiss edir".
Ceyranın anası Mirxanım Əzimova qızının nə vaxtsa geri qayıdacağına inanır: "Başına dönüm ay Ceyran. Sənin yolunu səbirsizliklə gözləyirəm, ana sənə qurban olsun, tez gəl. Yuxumda görürəm onu. Mənə deyir, az qalıb gəlməyimə. Çox darıxıram onunçün".








