Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) tərəfindən "Avropa Gənclər Paytaxtı - 2016” Gəncə şəhərində təşkil olunan "Gənclər Siyasətində Fəal İştirakşılıq” Beynəlxalq Gənclər Forumu öz işini başa vurub.
Forumun bağlanış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayev iştirak ediblər. 5 gün ərzində Forumun və onun panel müzakirələrinin fəaliyyətini yüksək qiymətləndirən İntiqam Babayev Azərbaycanda aparılan uğurlu gənclər siyasəti və ölkəmizdə keçirilən və gələcəkdə təşkil olunması nəzərdə tutulan beynəlxalq gənclər layihə və tədbirləri haqqında əcnəbi qonaqlara ətraflı məlumat verib. Rəsmi qonaqlardan Fərhad Hacıyev və Elnur Rzayev ADTGT-nin bu layihəsini müsbət dəyərləndirərək, "Gəncə - Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində keçirilən beynəlxalq tədbirlərin ölkə gənclərinin inteqrasiyası və beynəlxalq və regional əməkdaşlığına böyük töhfələr verəciyini bir daha qeyd ediblər.
Sonra əcnəbi qonaqlar qısa olaraq bu beynəlxalq tədbirdə iştiraklarına, hərtərəfli şərait və dəstəyə görə ADTGT-yə və rəsmi qurumlara təşəkkürlərini bildirirək, layihənin uğurla həyata keçirildiyini vurğulayıblar və rəsmi şəxslərə öz sual və təkliflərini yönəldiblər.
12 ölkədən olan 24 gənc liderin və Azərbaycan təmsilçilərinin iştirak etdiyi beynəlxalq toplantının sonunda yekdilliklə Gəncə Bəyannaməsi qəbul olunub və sənəd hər bir əcnəbi ölkə nümayəndəsi tərəfindən imzalanıb. Forumun bağlanışında rəsmi şəxslər tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Xatırladaq ki, beynəlxalq layihə "Gəncə - Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində əcnəbi və milli gənc liderlərin iştirakı ilə müasir gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, gənclər işində qeyri-formal tədris, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi istiqamətində müxtəlif tematik konvensiya və təcrübələrin müzakirəsi, mübadiləsi və qarşılıqlı tətbiqi imkanlarına dair fəaliyyət və tədbirləri özündə əks etdirən rəsmi plenar hissə ilə yanaşı 4 panellə təşkil olunub.
Layihə ölkə prezidenti İlham Əliyevin imzaladığı 24.02.2016-cı il tarixli Gəncə şəhərinin "2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərancamında, "Gəncə Avropa Gənclər Paytaxtı - 2016” ümumi tədbirlər planında və "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətli idi.
Gəncə Bəyannaməsində deyilir: "Dünyada baş verən və həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər cəmiyyətin onündə gedən gəncliyin qarşısında yeni çağırışların meydana çıxmasına səbəb olur. Bu proseslər də nəticə etibarı ilə vətəndaş cəmiyyətinin ən fəal hissəsini özündə birləşdirən gənclər və onların təşkilatları üçün yeni hədəflərin müəyyən edilməsini və bu hədəflərdən irəli gələn vəzifələrin dəqiqləşdirilməsini, eyni zamanda gənclər siyasəti istiqamətində mövcud problemlərinin öyrənilməsi və tələbatlarının qiymətləndirilməsi üçün təminatların yaradılmasını zəruri edir.
Gənclərin ruh yüksəkliyi, fəallığı, iştirakçılığı onların cəmiyyətin problemlərinə ənənəvi həll yollarından fərqli olaraq daha yaradıcı və çevik yanaşmasına səbəb olur. Gəncləri yaşadıqları cəmiyyətin inkişafı prosesinə yaxından cəlb etmək, ölkənin gənclər hərəkatının davamlı inkişafını təmin etmək üçün gənclər təşkilatlarının fəaliyyəti və gənclərin bu təşkilatlarda fəal təmsilçiyi olduqca vacib əhəmiyyət daşıyır.
Post-sosialist məkanında gənclər siyasəti, gənclərlə iş, gənclərin fəal iştirakçılığı, könüllülük, liderlik bacarıq və imkanları, qeyri-formal təhsil sahəsində uğurlu addımlar atılsa da, xeyli irəliyə doğru işlər görülsə də, bu sahədə də bir çox problemlər qalmaqdadır. Təbii ki, bunların aradan qaldırılması işində gənclərlə işləyən hökumət strukturları ilə qeyri-hökumət gənclər təşkilatlarının birgə səmərəli əməkdaşlığı ilə yanaşı, müasir, öz effektivliyini hər sahədə göstərən, doğruldan, davamlı təcrübə və metodların öyrənilməsinə və tətbiqinə də böyük ehtiyac duyulur. Bu sahədə ən yaxşı modellərdən biri məhz Azərbaycanın uğurlu və davamlı Gənclər Siyasəti Modelidir.
Azərbaycan son vaxtlar dünyada, regionda multikulturalizmin, tolerantlığın və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən biri kimi qəbul olunmaqla yanaşı, dəqiq missiya, strategiya və hədəfləri olan və hər bir sahədə effektiv təsir və real nəticələri görünən Gənclər Siyasəti Modelinə də sahibdir. Azərbaycan beynəlxalq və regional gənclər platformaları tərəfindən milli gənclər siyasəti sahəsində güclü ənənələrə, təcrübə və potensiala malik ölkə, beynəlxalq gənclər işi və inteqrasiyası sahəsində əsas dialoq və əməkdaşlıq mərkəzlərindən hesab edilir.
Azərbaycan son illər BMT-nin 1-ci Qlobal Gənclər Forumuna, Avropa Şurasının "Nifrət Nitqinə Yox” Beynəlxalq Forumuna, Dünya Gənclərinin Məşğulluq Sammitinə və digər nüfuzlu beynəlxalq gənclər toplantılarına ev sahibliyi edib. Bunlar təbii ki, yenə də qeyd olunduğu kimi, Azərbaycanın uğurlu və davamlı gənclər siyasətindən irəli gəlir”.
Sənəddə daha sonra bildirilir ki, son illərdə Azərbaycan çox sahələrdə mühüm uğurlar qazanıbş, insan potensialının inkişafına görə "orta insan inkişafı ölkələri” qrupundan "yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub: "Azərbaycanda "Dövlət Gənclər Siyasəti haqqında” Qanun qəbul olunub və uğurla icra olunmaqdadır. Hər bir 5 ili nəzərdə tutan "Azərbaycan Gəncliyi” Dövlət Proqramları hazırlanıb və hər bir mərhələ ardıcıllıqla, konkret hədəflər üzrə davam etdirilməkdədir. 10 ili əhatə edəcək "Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” ölkə prezidenti tərəfindən təsdiq olunub. Gənclərə yönələn 50-dən artıq normativ hüquqi aktlar və sənədlər qəbul edilib. Hər il Azərbaycanın şəhərləri arasında "ölkənin gənclər paytaxtı” seçimi keçirilir və seçilən şəhərlərdə gənclər sahəsində müxtəlif milli, regional və beynəlxalq layihə və tədbirlər təşkil olunur. Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncə şəhəri post-sovet məkanında ilk şəhər olaraq "2016-cı ilin Avropanın Gənclər Paytaxtı” seçilib.
Gənclər siyasətində fəal iştirakçılıq sahəsində birgə təşəbbüs və əməkdaşlığın reallaşdırılması, konkret addımların atılmasını və Forum iştirakçıları olan 13 ölkənin gənclər təşkilatlarının və gənc liderlərininin gənclər siyasətində fəal iştirakçılıq sahəsində əməkdaşlıq şəbəkəsinin qurulmasını və davamlı fəaliyyətini zəruri edir.
Beynəlxalq Forumun iştirakçıları gənclərin fəal iştirakçılığının yüksəldilməsi, beynəlxalq əməkdaşlığının genişləndirilməsini özündə əks etdirən və 2016-cı ilin iyulun 8-də "Avropa Gənclər Paytaxtı - 2016” Gəncə şəhərində keçirilən "Gənclər Siyasətində Fəal İştirakçılıq” adlı Beynəlxalq Forumun iştirakçıları aşağıdakı məsələləri özündə ehtiva bu Bəyannaməni – Gəncə Bəyannaməsini qəbul edir.
Biz – "Gənclər Siyasətində Fəal İştirakçılıq” Beynəlxalq Gənclər Forumunda iştirak edən, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Türkiyə, Polşa, Rumıniya, Serbia, Çex Respublikası, Slovakia, Rusiya Federasiyası, İtaliya və Litva gənc liderləri və gənclər təşkilatları təmsilçiləri aşağıdakı məsələlərə dair Bəyannamə – Gəncə Bəyannaməsini qəbul edirik:
Biz Beynəlxalq Gənclər Forumunun iştirakçıları olaraq, gənclər siyasəti sahəsində Azərbaycan Modelinin öyrənilməsi və tətbiqini, gənclərin fəal iştirakçılığı, könüllülüyü, liderliyi, qeyri-formal təhsili, məşğulluğu və birgə əməkdaşlığı və tərəfdaşlığını özündə ehtiva edən Gəncə Bəyannaməsini dəstəkləyir və bu fəaliyyətləri alqışlayırıq;
Gənclər siyasətində fəal iştirakçılığın öyrənilməsi və tətbiqi istiqamətində gənclər təşkilatlarının mədəni, sosial və vətəndaş təşəbbüs və layihələri sahəsində çoxtərəfli əməkdaşlığının həyata keçirilməsini, bu sahələrdə informasiya və təcrübə mübadilələrini dəstəkləyirik;
Gənclər siyasətinin hüquqi bazası, maliyyə resursları, gənclər siyasətinin həyata keçirilməsində dövlət strukturlarının və qeyri-hökumət gənclər təşkilatlarının rolu, birgə əməkdaşlığı, gənclər siyasətinə dair qərar qəbuletmə və icra mərhələlərində gənclərin fəal sosial iştirakçılığı, gənclər siyasətində beynəlxalq əməkdaşlıq və inteqrasiya imkanları istiqamətlərində fəaliyyətləri alqışlayır və bunların ardıcıl tətbiqini zəruri hesab edirik;
Gənclər siyasətində fəal iştirakçılığın öyrənilməsi və tətbiqi üçün Beynəlxalq Gənclər Forumunun iştirakçıları olan gənclər təşkilatları və gənc liderləri tərəfindən (gələcəkdə digər təşkilatların da qoşulması açıq saxlanılmaqla) "Gənclərin Fəal İştirakçılığı” üzrə Əməkdaşlıq Şəbəkəsinin qurulmasını, onun davamlı fəaliyyətini və burada yaxından iştirakımızı bəyan edirik.
09 iyul 2016-cı il, Gəncə şəhəri, Azərbaycan Respublikası.”















