Dünən Nizami Kino Mərkəzində baş rollarda Dilarə Əliyeva, Fərda Xudaverdiyev, Nicat Rəhimov, Elxan Yunis, Ülfət Bəşir və başqalarının rol aldığı "Əfsanə qayıdır” filminin qala gecəsi baş tutub.
Komediya janrında olan filmin rejissoru Emil Abdullayev, ssenari müəllifi isə Fariz Əliyevdir.
Əməkdar artist Dilarə Əliyeva ekran işində canlandırdığı rolu haqqında təəssüratlarını bizə danışıb:
"Çəkilişlərdə bu vaxta qədər baş verməyən maraqlı hadisələr oldu, gülməli səhnələr çoxdur. Çox maraqlı süjet xətti və ekran həlli var. Rəng və qrafik işləri Türkiyədə yerinə yetirilib. İnşallah bizim də, tamaşaçıların da gözlədiyi ümidləri "Əfsanə qayıdır” ilə doğruldar.

Ekran işində həyat yoldaşını hətta dağlara və daşlara qısqanan xanımı canlandırmışam. Həyat yoldaşımın mənə xəyanətindən şübhələnirəm. Amma günahını boynuna heç cür qoya bilmirəm. Odur ki, pulla adam tutub ərimi izlətdirirəm. Əsas hadisələr də bundan sonra başlayır, yolda başımıza inanılmaz olaylar gəlir, gözlənilməz situasiyalar yaranır. Ümumiyyətlə, filmdə komedik situasiyaları boldur. Oynadığım xarakter çox mürəkkəbdir. Hesab edirəm ki, ifa etdiyim digər rollardan seçilir. Özümü xəyanətə uğrayan qadının yerində təsəvvür etmək çətin oldu. Bir az içimə də şübhələr dolmağa başladı. Tez-tez qulağımı çəkirdim ki, mən buna dözə bilmərəm. Həqiqətən də xəyanətə uğramaq çox dəhşətli hissdir.

Ssenari real həyatda baş verən hadisələr əsasında lentə alınıb. Statistikalar əsasən dünyada hər 3 qadından biri ərinin xəyanəti ilə üzləşir. Odur ki, filmə baxanda əksəriyyət öz həyatını görə biləcək”.
Aktyor Fərda Xudaverdiyev bildirib ki, filmin büdcəsi təxminən 33 mindir:
"Dilarə xanımın sözlərinə qoşuluram, "Əfsanə qayıdır"da tamaşaçılar Fərdanı tamamilə başqa bir ampluada – Baloğlan obrazında görəcəklər. Bu filmdə bacısına cehiz almağa imkanı olmayacaq dərəcədə kasıb qardaş obrazını oynamışam. Baloğlan lazım olan pulu toplayıb bacımın üzünü güldürmək üçün Bakıya işləməyə gəlir və burda baçına gəlməyən qalmır. Güldürmək xətrinə çəkilməyib. Ssenari həqiqətən də diqqətəlayiqdir”.

Qala gecəsində Xalq artisti Afaq Bəşirqızı, aparıcı İlkin Həsəni, Afaq Gəncəli, Şəhriyar Əbilov, Oksana Rəsulova, aktyor Elşən Orucov, Müşfiq Şahverdiyev, Tahel Yüzbəyov və başqaları iştirak edib./publika
7News.Az








