Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
SalamNews xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan hökumətinin gənclər siyasətinə böyük önəm verdiyini bildirib.
"Bu gün Azərbaycan gəncləri mühüm proseslərdə iştirak edirlər. Bu isə ulu öndərin təməlini qoyduğu siyasətin davamıdır. Təkcə gənclər günündə deyil, daim bu yöndə tədbirlərimiz olur", - F.Muradov deyib.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, Azərbaycan Gənclər Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə yaradılıb. "Fəaliyyət göstərdiyi 5 il ərzində Fondun gördüyü bütün işlərə nəzər salsaq, görərik ki, uğurlu və dinamik yol keçmişik. Bu da danılmaz faktdır ki, ölkə başçısının təşəbbüsü və sərəncamı ilə yaradılmış Gənclər Fondu Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış bir səhifədir", - F.Hacıyev diqqətə çatdırıb.
7news.Az








