RU
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Şimşək çaxacaq, yağış yağacaq
12:40
24

FHN-dən hava ilə bağlı xəbərdarlıq - Şimşək çaxacaq, yağış yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 24-ü axşam saatlarından başlayaraq 29 iyun tarixinədək ölkə ərazisinin bəzi yerlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Nazirlikdən bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlardan qorunmaq üçün vətəndaşlar sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalıdırlar.

FHN ildırım təhlükəsi ilə bağlı da əhaliyə bir sıra tövsiyələr verib. Belə ki, ildırım zamanı elektrik cihazları şəbəkədən ayrılmalı, telefonla danışılmamalı, açıq havada olarkən elektrik xətləri, ildırımötürücülər və antenalara yaxınlaşılmamalıdır. Həmçinin hündür ağacların altında daldalanmaq təhlükəli hesab olunur.

Qeyd olunub ki, avtomobildə olan şəxslər ildırım zamanı hərəkəti dayandırmalı, avtomobilin şüşələrini qaldıraraq təhlükə sovuşanadək gözləməlidirlər.

FHN bir daha xatırladıb ki, təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq insan həyatı üçün ciddi risk yaradır.

Təhlükə zamanı vətəndaşlara "112" qaynar xəttinə müraciət etmək tövsiyə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ