Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə ölkənin bəzi ərazilərində intensiv yağış yağacağı, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.
FHN sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə vəziyyətlə qarşılaşdıqda isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmağı tövsiyə edir.
Nazirlik ildırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmağı, telefonla danışmamağı, açıq havada elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanmamağı məsləhət görür. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırıb təhlükə keçənədək gözləmələri tövsiyə olunur.
Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altından uzaq durmaq tövsiyə edilir.
FHN, həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, güclü külək zamanı dənizə girmək təhlükəlidir, kiçikhəcmli gəmi istifadəçilərinin isə belə hava şəraitində dənizə çıxması qadağandır.
Nazirlik xatırladıb ki, təhlükəli vəziyyətlə qarşılaşdıqda dərhal 112 qaynar xəttinə müraciət edilməlidir.








