Bu gün Bakı Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə "31 May
Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Gənclər Fondunun şöbə
müdiri Ramil Məmmədov tütündən
istifadənin təhlükəsi və tütün epidemiyasına qarşı aparılan mübarizə
metodlarından bəhs edib. O bildirib ki, dünyada ölüm səbəbləri arasında tütün
ikinci yerdədir, ictimai və iş yerlərində tütündən istifadənin azaldılması nəticəsində
bu faktoru aradan qaldıra bilər və biz bütün gəncləri sağlam gələcək naminə
siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə
hərəkatının öncülləri görmək istəyirik.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim – metodist Lətafət Dadaşova "Tütünün sağlamlığa tibbi zərərləri” mövzusunda təqdimatla çıxış edib. Daha sonra gənclərə tütündən istifadənin zərərləri ilə bağlı informativ bukletlər paylanılıb və Gənclər Fondu tərəfindən hazırlanmış "Gələcəyin duman olmasın, tütünə YOX de!” adlı maarifləndirici videoçarx nümayiş etdirilib. İnteraktiv şəkildə keçən tədbir gəncləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.








