“Gənclərin İnkişafına Dəstək” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə “Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması” adlı layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Yardımlı və Lerik rayonlarında gənclərin dini radikallıq və ekstremizmin təhlükələri haqqında maarifləndirmək üçün seminarlar və sonda Lənkəran şəhərində yekun konfransın keçirilməsi nəzərdə tutulur. Seminar iştirakçılarına müasir dövrdə dini maarifçilik ideyalarının əhəmiyyəti vurğulanacaq və din pərdəsi altında aqressivlik, radikallıq və terror hallarının ifşa olunması məqsədilə dövlət, ictimaiyyət, elm və din xadimlərinin bu sahədə əməkdaşlıq edərək birgə səylərinin artırılmasına və bu kimi faktların qarşısının alınması üçün gənclərin daha fəal olmalarının zəruriliyi qeyd ediləcəkdir.
Layihə çərçivəsində növbəti uğurlu tədbir 24 iyun 2016 – cı il tarixində Astara şəhərində təşkil olunmuşdur. Tədbirdə 16-29 yaş arası fəal gənclər və eyni zamanda Astara Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Ərçə Əliyev və təşkilatın digər məsul işçiləri, Astara şəhər İcra hakimiyyətinin rəsmisi Yasəmən Vahabova , Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, rayon ağsaqqalları və ziyalıları iştirak etmişlər.
Seminar birliyin rəhbəri Murad İbrahimov tərəfindən açıq elan edilmiş və torpaqlarımızın bütövlüyü uğrunda şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra təlimçi Mobil Pencəliyev “Qloballaşma dövründə islam maarifçiliyinin əhəmiyyəti” mövzusunda çıxış edərək gənclərin vətənpərvərlik ruhunda böyümələrinin vacibliyindən bəhs edərək onların vətəninə, millətinə layiqli vətəndaş olmaları üçün savadlı, bilikli və dünyagörüşlərinin zəngin olmalarının üstünlüyünü qeyd etmişdir. Dini radikalizm və onun acı fəsadları haqqında geniş söhbət açılaraq gənclərin bu kimi qeyri-qanuni çağırışlara qoşulmamaları tövsiyyə olunmuşdur.
Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Astara şəhər İcra hakimiyyətinin rəsmisi Yasəmən Vahabova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Ərçə Əliyev çıxış edərək insanların dini inanclarından istifadə edərək radikallıq nümayiş etdirmək, insanları ekstremizmə sövq etmək kimi mənfi hallar pislənilmişdir. Onlar gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyini qeyd edərək bu istiqamətdə faydalı tövsiyyələrini bildirmişlər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar tədqim olunmuşdur.








