2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamını əsas tutaraq “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası” İctimai Birliyinin egidası altında ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nümayiş etdirmək məqsədi ilə “Uşaqların sağlamlığını və sülhü qoruyaq” adlı tədbir həyata keçirilib.
Tədbirdə Ombusman-İnsan hüquqları üzrə müvəkkilin nümayəndələri Yeganə Cəfərova, Müqalib Mahmudov, Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, həkim, Prof. MirEldar Babayev, “İstedalı Əlillər” İB-nin sədr müavini Qubad Qasımov, “Qızıl Əllər” mükafatı laureatı, “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə İsveçrə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı mükafatçısı Aybəniz Nəsirova və Sosial yönümlü Qeyri Hökumət Təşkilatlarının liderləri iştirak ediblər. “Uşaqların sağlamlığını və sülhü qoruyaq” adlı tədbirdə hemofiliyalı və leykemiyalı uşaqların hazırladığı konsert proqramı qonaqlara təqdim olunub. Proqramda 35 uşağın çıxışı ilə müxtəlif ölkələrin rəqsləri (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Almaniya, Yaponiya, Hindistan, Ukrayna, İngiltərə), milli rəqslər, mahnılar və şeirlər ifa olunub. Tədbirdə cıxış edən hemofiliya və leykemiyalı uşaqlar diplomlarla təltif olunublar. Sonda “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası” İctimai Birliyinin sədri Gülnarə xanım Hüseynova, təşkilatı dəstəyə görə “AMAZON” Uşaq Əyləncə Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.
“Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”
Mətbuat katibi Fuad Rəsul










