"Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Tədbir müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhlarının 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
İctimai Birliyin təsisçiləri adından Yəhya Babanlı təşkilatın yaranmasının 4-cü ildönümü münasibəti ilə Ümumi Yığıncağı, İdarə Heyətini və üzvləri təbrik edib. Daha sonra təşkilatın keçdiyi yola, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən dövlət gənclər siyasətinə uyğun olaraq paytaxtda və bölgələrdə gerçəkləşdirilmiş layihələrə nəzər salan natiq, görülmüş işləri qənaətbəxş qiymətləndirdi.
Bununla yanaşı, bundan sonra da görülməli olan işlər, qarşıdakı vəzifələri idarə heyətinin üzvlərinin diqqətinə çatdırdı. Sonra çıxış edənlər, dövlətimizin gənclər siyasəti haqda, gənclərə göstərilən qayğılar haqda fikirlər səsləndirdilər.
Sonra Yəhya Babanlı görüləcək işləri və gənclərin maarifləndirilməsi yolunda yeni layihələrin icrası üçün bəzi dəyişikliklərə ehtiyac olduğunu bildirdi. Mövcud İdarə Heyəti və sədrin əsaslı səbəblərdən işi çatdırmadığını əsaslandıraraq yenidən rəhbərliyin seçilməsinin vacib olduğunu qeyd etdi.
Bundan sonra təşkilata yeni İdarə heyəti və sədr seçilməsi məsələsi gündəliyə çıxarıldı və səsə qoyuldu.
Yekdil qərarla 11 nəfərdən ibarət yeni İdarə heyəti formalaşdırıldı və İdarə heyətinin qərarı ilə Çingiz Əliyev "Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctima Birliyinin yeni sədri seçildi. Yeni tərkibdə olmayan əvvəlki İdarə heyətinin üzvləri və sədr İctimai Birliyin nizamnaməsinə uyğun olaraq, ali orqan hesab edilən Ümumi Yığıncaqda təmsil olunması ilə bağlı qərar qəbul olundu.
Yeni seçilmiş sədr, ona göstərilən etimada görə idarə heyətinin üzvlərinə minnətdarlığını çatdırdı. Qarşıda duran vəzifələr, maarifçilik ənənəsinin davam etdirilməsi, yeni tədbirilər və layihələrlə bağlı çıxış edən sədr təşkilatın hər zaman dövlət siyasətinə uyğun fəaliyyət göstərəcəyini əmin etdi və gənclərin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verəcəyinisöylədi.
Yeni İdarə heyətinin yeni üzvləri, Raisa Cəfərova, Orxan Muxtarov, Nicat Hüseynov və Vüsalə Vahidova çıxış edərək görülən işləri təqdirə layiq olduğunu bildirdilər və yeni sədrə öz təbriklərini çatdırdılar. Bundan sonra da birgə ciddi layihələrə imza atılacağına əminliklərini ifadə etdilər.
İdarə heyətinin digər üzvlərinin də ölkə gündəmində olan hadisələr, ictimai birliyin üzərinə düşən vəzifələrlə bağlı çıxışlarından və bu barədə verilən qərar və tapşırıqlardan sonra iclas yekunlaşdı.












