Hökumət deputatların büdcə təkliflərini nəzərə alacaq

Hökumət deputatların büdcə təkliflərini nəzərə alacaq

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2020-ci il dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

7News.Az-ın məlumatına görə, Maliyyə nazirinin müavini Azər Bayramov birinci oxunuş zamanı  parlamentdə keçən gərgin müzakirələrdə millət vəkillərinin verdikləri təkliflərə baxıldığını bildirib.

O qeyd edib ki, gələn ilin dövlət büdcəsində bir sıra təkliflərin nəzərə alınması üçün əlaqədar nazirliklərlə birgə məsləhətləşmələr aparılır.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, yeni büdcə ilində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarla yanaşı, ixrac bazarının da genişləndirilməsi, bir sıra layihələrin gerçəkləşməsi üçün özəl investisiyanın cəlb olunması prioritet məsələlərdəndir.  

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

7News.Az

Xəbər lenti