"Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev ölkənin sabiq prezidenti Robert Koçaryanla qonşu kamerada saxlanılır".
7News.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu "Ermənistan" müxalifət fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Şəki kəndinə (Zəngəzur) daxil olan Nəsimi Musayev "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsində olduqca yaxşı şəraitdə saxlanılır. O əlavə edib ki, Ermənistanın sabiq prezidenti qonşu kamerada yerləşdirilsə də, oradakı şərait qeyri-insanidir.
"Təsəvvür edə bilərsinizmi - azərbaycanlı hərbçi mükəmməl şəraitdə, Ermənistanın ikinci prezidenti isə qonşu kamerada dözülməz şəraitdə saxlanılır. Bu, indiki hakimiyyətin dəyərlər sistemini ən aydın şəkildə nümayiş etdirir", - deyə o qeyd edib.
Qeyd edək ki, Robert Koçaryan avqustun 25-də saxlanılıb. Keçmiş dövlət başçısına əmlakın qanunsuz əldə edilməsi işi üzrə ittihamlar irəli sürülüb. İstintaqın məlumatına görə, o, prezidentliyi dövründə vəzifə səlahiyyətlərindən istifadə edərək başqaları ilə əlbir olub və bir sıra ictimai-iqtisadi əhəmiyyətli obyektləri bazar dəyərindən ucuz qiymətə mənimsəyib. Avqustun 27-də onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.








