Konqo Demokratik Respublikasında (KDC) Ebola epidemiyası genişlənməkdə davam edir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, KDC Səhiyyə Nazirliyinin məlumatına görə, Ebola epidemiyası ölkənin 7 əyalətinin 62 bölgəsində yayılıb.
Ölkədə indiyədək 7 404 yoluxma qeydə alınıb. Virus səbəbilə 3 577 nəfər həyatını itirib, 1 776 xəstə isə sağalıb.
Son 24 saat ərzində 23 xəstənin sağaldığı bildirilib. Haut-Uele, Cənubi Kivu və Cənubi Ubangi əyalətlərində isə yeni yoluxma halı qeydə alınmayıb.
Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə bəzi əyalətlərdə peyvəndləmə işləri sürətləndirilib. Sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri və əhali arasında maarifləndirmə fəaliyyətləri də davam etdirilir.
Qeyd edək ki, Ebola virusu hemorragik qızdırmaya səbəb ola bilir. Virus ilk dəfə 1976-cı ildə Sudanın Nzara şəhərində və KDC-nin Yambuku şəhərində eyni vaxtda baş verən epidemiyalarla ortaya çıxıb. KDC-dəki epidemiya Ebola çayının yaxınlığında yerləşən kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilib.
Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada da yayılıb. Qvineya, Liberiya və Syerra-Leonedə 2014–2017-ci illərdə baş verən epidemiyada 30 minə yaxın insan virusa yoluxub, 11 mindən çox xəstə həyatını itirib.
KDC-nin şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma halı və 65 ölüm qeydə alındıqdan sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilib.
Səhiyyə rəsmilərinin məlumatına görə, may ayında yayılan "Bundibugyo” Ebola variantına qarşı təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil.








