Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub.
7News.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb.
Məlum olub ki, 2019-cu ildə Ədil Məhərrəmov Nuranə adlı xanımla ailə həyatı qurub. Bu onların ikinci evliliyi olub. Nuranənin ilk evliliyindən 2008-ci il təvəllüdlü qızı var.
2022-ci ildə Nuranə polisə müraciət edərək ilk evliliyindən olan yeniyetmə qızına qarşı ərinin cinayət törətməsini bildirib. Bununla bağlı cinayət işi açılıb və istintaq araşdırmaları aparılıb. Lakin kifayət qədər sübut olmadığından Ədil Məhərrəmova qarşı cinayət təqibi dayandırılıb.
Bundan sonra N.Məhərrəmova məsələni atası Nəcəf Qafarova danışıb və onlar birlikdə Ədili qətlə yetirməyi planlaşdırıblar.
Qeyd edək ki, Nuranənin birinci həyat yoldaşı hazırda həbsdədir. Onlar həmin şəxsin azadlığa çıxanda Ədili öldürəcəyini deyiblər.
Məhkəmədə təqsirləndirilən şəxslər Ədilin yeniyetmə qıza qarşı cinayət törətməsini şifahi olaraq təsdiq etdiyini, hətta - "Yaxşı etmişəm", - deyə onlara cavab verdiyini iddia ediblər.
Qeyd edək ki, hökmə əsasən, Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova 14 il 6 ay azadlıqdan məhrum ediliblər. Onlar ikisi də xüsusi amansızlıqla adam öldürməkdə ittiham olunurlar.









