RU
Mingəçevir Dövlət Universitetində 20 Yanvar Şəhidlərinin xatirəsi anılıb
20:15
898

Mingəçevir Dövlət Universitetində 20 Yanvar Şəhidlərinin xatirəsi anılıb

Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə toplantı keçirilib. 
Tədbir iştirakçıları əvvəlcə faciənin ildönümü münasibətilə hazırlanmış sərgiyə baxıblar. Rəsmi hissədə şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru Akif Hacıyev açaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” haqqında məlumat verib. Rektor A.Hacıyev bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən, geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 
Rektor A.Hacıyev əlavə olaraq bildirib ki, bu hadisələrə biganə qalmayan Ümummilli lider Heydər Əliyevin hadisənin növbəti günü Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək açıq etiraz etdiyini sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. O, 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söyləyib. Qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının coşqun mübarizə əzmini nümayiş etdirən hadisədir. Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla əziz tutulduğunu, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildirib. 
Anım mərasimində çıxış edən Humanitar fənlər kafedrasının müdiri, dos. E.Cəfərova, Unversitetin Tələbə Gənclər Təşkilatının sədri R.Qurbanov, Pedaqogika və psixologiya kafedrasının müdiri, t.f.d. N.Zeynalov çıxış edərək, bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına yazılmış qəhrəmanlıq səlnaməsidir. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Natiqlər 20 Yanvar Şəhidlərinin Azərbaycan xalqının yaddaşında azadlıq mücahidləri kimi daim yaşayacağını vurğulayıblar.
Tədbirin sonunda 20 Yanvar faciəsinə və milli qürur günümüzə həsr olunmuş «İnsanlıq faciəsi» adlı sənədli film nümayiş olundu.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ