Azərbaycan Dövlət Televiziyasında bəzi müğənnilərə qadağa qoyulması ilə bağlı yayılan xəbər müğənnilərin ciddi narahatlığına səbəb olub.
Belə ki, siyahıda bir çox tanınmış müğənnilərin adının çəkilməsi həmin müğənnilərin özlərini də təəccübləndirib. Dövlət televiziyasında qadağada olan müğənnilərdən biri də Qırğızıstanın əməkdar artisti, azərbaycanlı müğənni Aslan Hüseynovdur.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan müğənni bundan qəti narahatçılıq hissi keçirtmədiyini bildirib:
"Bu, məni qəti narahat etmir. Heç deməsəydiniz, yadıma da düşməzdi. Mənim üçün o qədər də önəmli deyil o kanalda görünmək, yayımlanmaq. Mənim qadağa siyahısında olmağım birbaşa olaraq şəxsi qərəzdir. Şəxsi qərəz barədə çox danışmaq istəmirəm, sadəcə qısaca demək istərdim ki, şəxsi qərəz varsa, bunu telekanal səviyyəsinə qaldırmaq doğru deyil. Sən məni toyuna, məclislərinə çağırmaya bilərsən, amma televiziya şəxsi mülk deyil. Dövlət kanalıdır. Ölkə başçısı da dəfələrlə çıxışlarında vurğulayır ki, biz demokratik ölkədə yaşayırıq, ölkəmizdə söz və ifadə azadlığı var, amma buna baxmayaraq həmin telekanal ölkə başçısının tapşırıqlarını kobud şəkildə pozur. Söz və ifadə azadlığı məhdudlaşdırır. Heç kim heç kimin ifadə azadlığını tapdalaya, ona hansısa telekanalda danışmasına qadağa qoya bilməz. Bu, birbaşa olaraq özbaşınalıqdır.
İkinci məsələ isə orada qeyri-etik davranışdan və etik qaydalara riayət etməməkdən söhbət gedirsə, heç bir vaxt mənə məhdudiyyət qoyulmamalıdır. Çünki əgər mən qeyri-etik davranışa məxsus bir şəxsəmsə, müğənniyəmsə, niyə mən ölkə başçısının seçkilərdə təbliğat kampaniyasına dəvət alıram? Niyə mən Daxili İşlər Nazirliyinin orkestrində solistəm? Niyə mən Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə mədəniyyət günlərində iştirak edirəm? Əgər etikadan kənar bir davranışda, siyasi kursa əks gedən biri olsaydım, dövlətçiliyimiz əleyhinə çıxışlarım olsaydı, bu qədər təltiflər, tədbirlər necə ola bilərdi? Şükürlər olsun ki, bu gün bir çox müğənnilərdən daha çox vətənpərvərlik janrında mahnılarım var, hətta bütün vətənpərvərlik mövzusunda təşkil olunmuş tədbirlərdə də könüllü şəkildə iştirak edirəm. Bizim damarımızda vətən qanı axır, biz bu gün dövlətçiliyimizə xidmət edən insanlarıq.
Hansısa telekanalın mənə qoyduğu qadağa məni qətiyyən nə narahat edir, nə də maraqlandırır. Əsas odur ki, bu gün varıq, sevilirik, xalqımızın daim yanındayıq, övladlarımızın vətənpərvərlik ruhunda yetişməsi üçün əlimizdən gələn qədər can yandırırıq. Gerisi məni qətiyyən narahat etmir”. //big.az
7News.az








