NATO Xarici İşlər nazirləri Ukraynaya dəstəyi artırmağa davam edəcəklərini vəd ediblər. Almaniyanın xarici işlər naziri Baerbok Rusiyanı soyuqdan Ukraynaya qarşı silah kimi istifadə etməkdə ittiham edib.
7NEWS.az xəbər verir ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Rumıniyanın paytaxtı Buxarestdə ilin beşinci toplantısında bir araya gəlib. İki günlük görüşün ilk günündə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə edən xarici işlər nazirləri hücumları dəf etmək üçün Ukraynaya dəstəyi davam etdirəcəklərinə söz veriblər.
NATO-nun xarici işlər nazirləri, o cümlədən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu birgə bəyanatda bildiriblər ki, "Ukraynanın müqavimət göstərmək, xalqı qorumaq və Rusiyanın dezinformasiya kampaniyalarına və yalanlarına müqavimət göstərmək qabiliyyətini gücləndirmək üçün Ukraynaya dəstək artmağa davam edəcək”. Müttəfiqlərin Ukraynaya enerji infrastrukturunun yenidən qurulmasında və mülki əhalinin raket hücumlarından qorunmasında köməklik göstərəcəyi bildirilərək, Ukraynaya dəstəyin lazım olduğu müddətcə davam edəcəyi vurğulanıb.
7NEWS.az








