Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda 3-cü “Tbilisi İpək Yolu Forumu”nda iştirak edib

Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda 3-cü “Tbilisi İpək Yolu Forumu”nda iştirak edib
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində 3-cü "Tbilisi İpək Yolu Forumu: Qlobal Təsir üçün Tərəfdaşlıq” adlı beynəlxalq forum öz işinə başlayıb. İki gün davam edəcək tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Ramin Quluzadə "Nəqliyyat bağlantıları - İpək Yolu boyunca və onun hüdudlarından kənarda transformasiya” adlı paneldə çıxış edib. Nazir Qədim İpək Yolunun yarandığı gündən səmərəli nəqliyyatı təmin etməklə yanaşı, sivilizasiya və mədəniyyətləri bir-birinə bağlayan, xalqları və millətləri yaxınlaşdıran bir yol olduğunu qeyd edib. Ramin Quluzadə bildirib ki, müasir dünyada ölkələrin qlobal iqtisadi birliyə effektiv inteqrasiyası daşımalarda ehtiyaclarını ödəyə biləcək etibarlı nəqliyyat əlaqələri olmadan mümkün deyil. Onun sözlərinə görə bu baxımdan beynəlxalq nəqliyyatın rasional təşkili məsələsi çox aktualdır. "Prioritet layihələrin seçilməsi və icrası, səmərəli nəqliyyat və logistika sisteminin yaradılması və nəqliyyat əməliyyatlarının əlaqələndirilmiş idarə edilməsinə nail olmaq xüsusi diqqət tələb edən məsələlərdir”- deyə nazir bildirib.

Müasir şəraitdə nəqliyyat təyinatına yanaşmanın daha qlobal fəaliyyətlər üçün bir sistem kimi qəbul edilməli olduğunu vurğulayan Ramin Quluzadə Azərbaycan Respublikasının nəqliyyat siyasətinin əsasını institusional islahatlar, logistik konsepsiyanın tətbiqi, hüquqi bazanın təkmilləşdirilməsi, infrastrukturun yenilənməsi və nəqliyyatda informasiya texnologiyalarının tətbiqinin təşkil etdiyini diqqətə çatdırıb. "Prezident İlham Əliyevin dəstəyi sayəsində ölkənin nəqliyyat sektoru iqtisadi artımın və dayanıqlı inkişafın təmin edilməsində getdikcə daha çox əhəmiyyət kəsb edir. Yeni İpək Yolunun marşrutunda mühüm bir əlaqə olan Azərbaycan regional və daha geniş əməkdaşlığa önəm verir. Son onilliklər ərzində Azərbaycan Qafqaz regionunun ərazisindən keçən Avrasiya nəqliyyat əlaqələrinin inkişafı üçün bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bunların içərisində istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsini xüsusilə qeyd etmək istəyirəm".

Nazir qeyd edib ki, bütün bunlar digər ölkələrdəki tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində baş verir. " Burada iştirak edən Gürcüstan, Türkiyə, Qazaxıstandan olan həmkarlar ilə yaxın iş və tərəfdaşlıq münasibətlərini vurğulamaq istərdim. Lakin əməkdaşlıq şəbəkəmiz daha da böyükdür, bölgəmizin digər ölkələrini əhatə edir. Buna görə səmərəli əməkdaşlıq mümkündür".

Nazir deyib ki, ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətləri, dövlətlərimizin başçılarının səyləri və etibarlı münasibətləri sayəsində möhkəm təməllər üzərində qurulan nəqliyyat əməkdaşlığı hazırda durmadan inkişaf edir və iqtisadi əlaqələrimizdə əsas rol oynayır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə "Avropaya qoşulma - Genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsinin inkişafı" adlı paneldə çıxış edib.

"Azərbaycanda nəqliyyat sektorunun prioritet elan olunduğunu deyən nazir müavini son 15 ildə ölkmizdə nəqliyyatın bütün sahələrinin inkişaf etdiyini diqqətə çatdırıb. "Ölkədə yüksək standartlara cavab verən yollar inşa edilir. Azərbaycanı Gürcüstanla əlaqələndirən belə yol artıq var. İranla yolların inkişafı istiqamətində işlər aparılır. Hazırda Rusiya istiqamətində bu cür yeni yol inşa edilir”.

Nazir müavini Azərbaycanda dəmir yolu, dəniz və hava nəqliyyatı sahəsinin inkişafında əldə olunan nailiyyətlərə də toxunub.

E.Vəlizadə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük regional nailiyyət olduğunu qeyd edib.

Xəbər lenti