RU
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
12:00
26

Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) sürücülərə müraciət edib.

Nazirliyin müraciətində bildirilib ki, təhsil müəssisələrində "Son zəng" və "Məzun günü" tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkət intensivliyinin artacağı, eləcə də nizamsız parklama hallarının çoxalacağı gözlənilir.

Qeyd olunub ki, belə vəziyyət xüsusi təyinatlı nəqliyyat vasitələrinin - yanğınsöndürmə və xilasetmə texnikalarının hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yarada bilər. Xüsusilə yol kənarlarında, binaların giriş hissələrində, yanğına qarşı su sistemlərinin yaxınlığında və hərəkət zolaqlarında düzgün olmayan parklama fövqəladə hallara operativ müdaxiləni çətinləşdirir.

FHN vurğulayıb ki, bu kimi hallar yanğın və qəza zamanı su mənbələrinə çıxışı məhdudlaşdıra, xilasedici texnikaların manevr imkanlarını azalda bilər.

Müraciətdə sürücülərdən xahiş olunur ki, yollarda hərəkətdə olan yanğınsöndürmə və xilasetmə avtomobillərinə dərhal yol versinlər, avtomobillərini isə yalnız nəzərdə tutulmuş yerlərdə, qaydalara uyğun və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayacaq şəkildə park etsinlər.

Bildirilib ki, qaydalara əməl etməyən sürücülər qanunvericiliyə uyğun məsuliyyət daşımaqla yanaşı, fövqəladə hallarda insan həyatının xilas olunmasına da mane ola bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ