Şəhidlərin oxşar taleyi: Haqq uğrunda savaşdılar, zülmə boyun əymədilər.
Şəhidlik islamda peyğəmbərlikdən sonra ən ali mərtəbə və axirət məqamı sayılır. İslam dininə görə şəhid həm dünyada, həm də axirətdə mükafata və tərifə layiqdir. Şəhidlik məqamını təsis edən peyğəmbər indiki rəhbərlərdən fərqli olaraq öz yaxınlarını ölümdən qorumurdu. Din, haqq-ədalət, vətən uğrunda dünyalarını qurban verməyə həvəsləndirirdi. Çünki o və ona inananlar ölümdən sonra şəhidin uca məqamına inanırdılar. Ona görə də elə ilk İslam savaşlarında peyğəmbərin doğma əmisi Həmzə, digər əmisi Əbu Talibin oğlu Cəfər və başqaları şəhid oldular. Əmisi oğlu Əli bütün döyüşlərin ən qanlı səhnələrində ön səfdə olurdu və ən amansız zərbələri dəf etməyi boynuna götürürdü.
Həmişə də şəhidlik arzu edirdi. Peyğəmbər ona da şəhidlik müjdəsi vermişdi. Ancaq bu müjdə çox sonra, Peyğəmbərin vəfatından sonralar da olsa gerçəkləşdi və o da şəhid oldu. Peyğəmbərin nəvəsi, sevimlisi İmam Hüseyn və demək olar ki, bütün peyğəmbər nəsli soyqırıma uğrayaraq Kərbəlada ərəb şovinist səltənətinin qəsbkar rəhbəri Əməvi Yezid tərəfindən şəhid edildi. Yəni, peyğəmbəridən sonra da onun nəsli və davamçıları şəhadətdən qaçmadılar. Peyğəmbərin özü də hər zaman şəhid olmağı gözləmişdir. Hətta Uhud döyüşündə şəhadətin bir addımlığında olmuş, ağır yaralanmış, dişi sındırılmış, başına ağır daşla vurulmuş, atdan vurulub salınmışdır, lakin onun şəhadətinə tuşlanmış qılıncın qabağına Dolqa adlı səhabəsi dərhal qolunu uzadaraq bir andaca qolundan məhrum olmuş, lakin peyğəmbəri qorumuşdur.
12 İmamın 11-i şəhid olmuşdur. İslamın dərin mənbə və məxəzlərinə, etibarlı faktlara görə 12-ci İmam da zühur edəndən sonra bir qadın tərəfindən zəhərlənərək şəhid ediləcəkdir. Şəhidlik islamda böyük bir mərtəbədir. İslama və Qurana görə şəhidlər əsla ölmür. Şəhidlər qanlı paltarında dəfn olunmalıdır əslində. Bu islamın qəti hökmüdür. Quranda buyurulur ki, Allah yolunda öldürülənlərə ölü deməyin, onlar Allah yanında diridirlər və nemət verilənlərdəndirlər. Qanlı libasla ona görə dəfn olunurlar ki, qiyamət günü libasları onlara şahidlik etsinlər. Şəhid sözü elə, şahid sözündəndir. Haqqa şahid olan deməkdir. Allah, haqq, din, ədalət, ümumbəşəri humanizm, Vətən, torpaq, ailə uğrunda öldürülənlərə şəhid deyilir. Ancaq şəhidliyin bəzi qismləri və dərəcələri də mövcuddur. Şübhəsiz ki, şəhidlik sırf islama məxsusdur. Müsəlmanlara məxsusdur. Ancaq biz bəzən elə şəhidlər görürük ki, onlar başqa kitab əhlinə məxsusdurlar, ancaq islam uğrunda, müsəlmanların aqibəti uğrunda öldürülüblər. Belələrini öz şəhidlərimizdən ayırsaq, bu da ədalətsizlik olardı.
Əslən yəhudi olan Albert Aqarunov Qarabağ savaşında tankçı olaraq xeyli düşmən məhv etmiş, Azərbaycan uğrunda, müsəlmanlar və öz xalqı uğrunda canından keçmişdir. 20 Yanvar qırğını zamanı şəhidlər arasında ruslar da vardır. Hazırda həmin şəxslər də Şəhidlər Xiyabanında dəfn olunublar. Üzü Kəbəyə yatırlar. Hər müsəlmana deyilən duadan onlara da deyilir. Bu fəxr vericidir. Yəni haqq-ədalət uğrunda, insanlıq, Vətən uğrunda savaşda dindar da, dinsiz də eyni dərdlidir və hədəf-məqsəd eynidir. Çünki problem insanlıq-yaşam problemidir. Mənbələrdə var ki, bir müşrik, yəni islama inanmayan, Allaha şərik qoşan ölmüşdü, onu dəfn üçün aparırdılar. Peyğəmbər onu gördü və hönkür-hönkür ağladı. Səbəbini soruşanda cavab verdi ki, ona ağlayıram ki, o haqqı dərk etmədən getdi, fürsəti ötürdü getdi, inanmadı getdi, əzaba düçar olacaq. İnsanlıq duyğularım və təəssüf hissim məni ağlamağa vadar etdi... Bir gün də Mədinə küçələrinin birindən bir yəhudi meyidi aparırdılar. Peyğəmbər dərhal əyləşdiyi yerdən ayağa qalxaraq ehtiram etdi. Dedi: "Bu mənim insanlıq borcumdur...”
Şəhidlik-İslamda ən uca mərtəbə
Şəhidlik 3 qismdir. Axirət və dünya şəhidi, axirət şəhidi və dünya şəhidi: Axirət və dünya şəhidi o kəslərdir ki, imanı, sevgisi ilə haq yolunda, Vətən yolunda canlarından keçiblər və dünyada da şəhid kimi qəbul ediliblər. Axirət şərtlərinə də cavab verən qaydada dünyalarını dəyişiblər. Həmzə bin Əbdülmüttəlib, Cəfəri Təyyar, İmam Hüseyn və Kərbəla şəhidləri kimi, Milli Qəhrəmanımız Mübariz İbrahimov və bu sayaq qətl olunan digər şəhidlərimiz kimi. Yəni bu şəxslərin Allaha imanına şəkk-şübhə yoxdur, dünyada və axirətdə şəhiddirlər. İkinci qism şəhidlik isə Axirət şəhididir. Axirət şəhidi o kəsdir ki, Allah yolunda, şəhid sayıla biləcək bir doğru yol - amal uğrunda şəhid olub, lakin ya itkin sayılır, ya da öldüyü bilinir, fəqət şəhid olduğu bilinmir.
Öldürülmə və ya ölmə səbəbləri gizli qaldığı üçün el arasında adi bir ölü kimi yad edilir. Bax, bu axirət şəhididir. Məsələn, peyğəmbər buyurub ki, eşqə düşüb eşqini izhar edə bilməyərək ölən şəhiddir. Ailəsini dolandırmaq üçün səfərə çıxıb ölən şəhiddir. Üçüncü qism şəhidlik isə, dünya şəhidləridir. Bunlar elə şəxslərdir ki, islam və müsəlmanlıq şərtlərindən etiqad və əməl cəhətdən uzaq olublar, lakin Vətən, din, haqq-ədalət uğrunda öldürülüblər və digər şəhidlər sırasında yad edilirlər. İslama iman gətirməyərək islam , Vətən, müsəlmanlar uğrunda olən də şəhiddir.
Bunlar dünya şəhidləridir. Hər bir halda şəhidlik böyük bir mərtəbədir. İllər boyu millətimiz də saysız şəhidlər veribdir. 1918 - ci il Mart soyqırımı, Xocalı soyqırımı, Bağanıs Ayrım soyqırımı, 20 Yanvar 1990-cı il qırğını, Qarabağ savaşında və sair yerlərdə xalqımız mərd oğullarını şəhid veribdir. Bu günlərdə biz 20 Yanvar şəhidlərinin şəhadətinin 27- ci il dönümünü yad edirik. Məlum hadisə zamanı xalqımızın əli yalın, günahsız bir hissəsini məlun bir qövm qırdı, gülləbaran etdi. Həmin vaxt şəhid olanlar həm dünya əhli tərəfindən, həm də axirətə inananlar tərəfindən daima yad edilir, ruhlarına dualar oxunur. Doğrudur, şəhid olanları həmişə yanğı və təəssüflə yad edirik ki, kaş ölməyəydilər. Ancaq əslində elə onların ölümü sayəsində biz yaşayırıq. Xalqın salamat qalan hissəsi şəhidlərə borcludur. Şairin dediyi kimi:
Bayraqları bayraq yapan
üstündəki al qandır,
Torpaq, əgər uğrunda
ölən varsa Vatandır!
İmam Hüseyn elə bir tarix yazdı ki...
Hamı bilir ki, İmam Hüseyn və ətrafı şəhid olmasaydı, İslam dini təhrif olunacaqdı. Daha acınacaqlı bir formada bizə gəlib çatacaqdı. Bəlkə də heç Hürufilik, Mötəziləlik, Batinilik, Xürrəmilik təriqətləri misalı heç gəlib çatmayacaqdı, bircə adı qalacaqdı... Ancaq şəhidlər öz qanı ilə tarixi olduğu kimi yazır, özü də qanla yazır ki, onu heç kəs silə bilməsin. Hüseyn dəftərsiz-kitabsız Kərbəla səhrasına elə bir tarix yazdı ki, qiyamətə qədər oxunacaq və ibrət alınacaq. Bax, şəhadət budur. Mübariz elə bir tarix yazdı ki, erməni xalqı bu tarixi heç vəchlə poza bilməyəcək. Bizim digər bütün şəhidlərimiz tarix yazıblar. Xüsusilə 20 Yanvar şəhidlərimiz Kərbəla misallı şəhidlərdir. Aralarında zahiri də olsa çox oxşarlıqlar vardır. Bizim şəhidlər də imansız-qəsbkar Sovet imperiyasına qarşı mübarizədə şəhid oldular. Kərbəlada da Yezid imperiyasına qarşı şəhid oldular. Azsaylı qüvvəyə qarşı böyük bir qoşun hər ikisində toplanmışdı.
Hər iki şəhadət səhnəsi demək olar ki , eyni amal uğrunda idi. Hər iki şəhadətə gedən dəstədə başqa dinlərin və millətlərin nümayəndələri də vardı. İmam Hüseynin dəstəsində zənci, türk, azərbaycanlı, fars və ərəblər vardı. Hətta xristian və xristianlıqdan dönənlər də vardı. Qasimin toy səhnəsi, İlhamla Fərizənin şəhadətinə nə qədər oxşardır. Həm Kərbəla, həm 20 Yanvar sonra dünyada çox böyük əks-səda verdi və istismarçı imperiyanın dağılmasına böyük təkan verdi. Hazırda da hər iki hadisə hər il böyük təntənə ilə yad edilir. Ümidvaram ki, xalqımız şəhidlərini həmişə yad edəcəkdir. Çünki əgər çiçəklənən nə varsa, o çiçəklər şəhidlərimizin qanı ilə suvarılıb bitir. Əgər bu gün biz yaşayırıqsa, şəhidlərin hesabına yaşayırıq. Şəhidlər həmişə uca tutulmalıdırlar. Bütün şəhidlərə salamlar olsun!//cebhe.info
7News.az








