Onlar prezidentin çağırışına nə vaxt qoşulacaq? - Siyahı

Onlar prezidentin çağırışına nə vaxt qoşulacaq?  - Siyahı
Dünən Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək, Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.
Müraciətində H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib.

H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.

Prezident İlham Əliyev oktyabrın 21-də əvvəl səhhətinə görə təqaüdə çıxan ölkənin Baş nazirinin keçmiş müavini Hacıbala Abutalıbovla görüşdə qeyd edib ki, 70 yaşına çatmış məmurlar gənclərə yol verməlidirlər.

Onlardan birincisi Novruz Məmmədov, ikincisi Hacıbala Abutalıbov, üçüncüsü Əli Həsənov, dördüncü Akif Əlizadə, beşinci Ramiz Mehdiyev olub.

Eyni zamanda, qeyd etməliyik ki, bu gün hökumətdə və digər dövlət qurumlarında hələ 70 yaşdan yuxarı məmurlar var. 

Baş nazirin birinci müavini Yaqub Eyyubovun 73 yaşı var. 2003-cü ildən, yəni 16 ildir Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Nazirlər Kabinetinin strukturunda yaşı 70-dən yuxarı olan yeganə məmurdur. Baş nazir Əli Əsədov 62 yaşındadır. Baş nazirin müavinləri Əli Əhmədovun 66, Şahin Mustafayevin isə 54 yaşı var.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 89 yaşı var.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova da 81 yaşındadır. 

Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə 72 yaşındadır.

Ümid edirik ki, onlar da İlham Əliyevin çağırışını eşidəcəklər və tezliklə gənc və istedadlı kadrlara yol verəcəklər.

Xəbər lenti