9 ay öncə Fransadan Azərbaycana qayıdarkən 2 övladı əllərindən alınan valideynlər - Məhəmməd Quliyev və Gültac Abdullayeva uşaqlarına qovuşublar.
Bu haqda AZXEBER.COM-a Gültac Abdullayeva məlumat verib.
O qeyd edib ki, 9 ay ərzində çox böyük çətinliklər çəkiblər:
"Bu gün biz ailə olaraq çox böyük bir sevinc yaşayırıq. Almaniya məhkəməsinin qərarı ilə 2 övladımız bizə qaytarıldı. Uzun müddətdir Almaniyada çox çətin günlərdən keçdik, göz yaşı tökdük, gecələr yatmadıq, övladlarımız üçün mübarizə apardıq. Bu müddətdə yaşadığımız stressi və ağrını sözlə ifadə etmək həqiqətən çox çətindir”.
Gültac Abdullayeva bu işdə ona yardımçı olan Almaniyada yaşayan hüquqşunas Elvin Cəbrayıl və əməkdar jurnalist Xoşqədəm Hidayətqızına təşəkkür edib:
"Bütün bu çətinliklərin içində Elvin bəy və Xoşqədəm xanım bizi bir dəfə belə tək qoymadı. Hər zaman yanımızda oldu, bizə dəstək verdi, haqq səsimizin eşidilməsi üçün əlindən gələni etdi. Buna görə ailəmiz adından sonsuz təşəkkür edirik.
Ən önəmlisi isə budur ki, məhkəmədə hər şey aydın oldu və uşaqlarımıza qarşı heç bir şiddət olmadığı sübut edildi. Yaşananların böyük bir yanlış anlaşılmadan ibarət olduğu ortaya çıxdı. Və şükürlər olsun ki, bu gün balalarımızı yenidən qucağımıza aldıq”
Qeyd edək ki, Almaniyada yaşayan ailənin övladları "Jugendamt”in (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat-red.) qərarı ilə onlardan alınmışdı.
Ailə Paris hava limanından Bakıya qayıtmaq istəyərkən övladları Almaniya dövlətinə təhvil verilmişdi.









