Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcəklər.
İlqar Bayramlı qeyd edib ki, abituriyentlər avqustun 5-dək ixtisas seçimi edə biləcəklər.
"Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər", – deyə o bildirib.
O qeyd edib ki, bu ildən peşə məktəblərində əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas tədris olunacaq: "Həmin ixtisaslar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası olacaq: "Qəbul planının 44%-i (14 580 yer) iqtisadiyyat, xidmət, informasiya texnologiyaları istiqamətini əhatə edir. Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri çilingəri və bitkiçilik mütəxəssisi yer alır”.








